Kamal Abdulla Norveçin məşhur yazıçısı ilə görüşüb (FOTO)

Norveçin məşhur yazıçısı Arne Svingen Azərbaycan Dillər
Universitetinin (ADU) qonağı olub, universitetin rektoru, akademik
Kamal Abdulla və tələbələrlə görüşüb.

Qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun
olduğunu deyən Kamal Abdulla, ADU-da Skandinaviya mərkəzinin
fəaliyyət göstərdiyini, Novreç dilinin uğurla tədris olunduğunu
diqqətə çatdırıb. Rektor bildirib ki, yazıçının tələbələrlə görüşü
onların yaddaşında universitet həyatının maraqlı hadisəsi və
unudulmaz dərs kimi qalacaq.

Norveç dilini öyrənən tələbələrin bu ölkəyənin tarixinə,
mədəniyyətinə, müasir dünyadakı mövqeyinə böyük maraqla
yanaşmasından məmnun olduğunu deyən rektor, iki ölkə arasında
elmi-mədəni əlaqələrin inkişafına da toxunub. Əlavə edib ki, o,
Norveçin ədəbiyyat, elm və mədəniyyət xadimləri ilə əməkdaşlığın
gələcəkdə daha da genişləndirilməsində maraqlıdır. Bunun üçün
müxtəlif imkanlar, fərqli platformalar üzərində layihələr
mövcuddur.

Xalq yazıçısı Kamal Abdulla müəllifi olduğu və Amerikada ingilis
dilində nəşr olunan “Sehrbazlar dərəsi” romanını qonağa hədiyyə
edib.

Yazıçı Arne Svingen Azərbaycanda olmaqdan məmnun olduğunu deyib,
ADU tələbələri ilə görüşdən xoş təəssüratla ayrıldığını diqqətə
çatdırıb. Müəllifi olduğu kitabların dünyanın müxtəlif dillərinə
tərcümə olunduğunu deyən yazıçı uşaqlar üçün qələmə aldığı “Sınmış
burunun nəğməsi” kitabının ADU Skandinaviya mərkəzi tərəfindən
Azərbaycan dilinə tərcümə olunaraq çap olunduğuna görə rektora
təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan və Norveç arasında ədəbi-mədəni əlaqələrin
gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, müxtəlif
layihələrin reallaşdırılması məsələsi müzakirə olunub.

Teqlər: