Kaliforniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib (FOTO)

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San
Dieqo şəhərində mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası
keçirilib. Aksiyada, San Dieqoda yaşayan yüzlərlə kimsəsiz və
evsiz-eşiksiz şəhər sakinlərinə isti yeməklər paylanılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AzerTimes-a verilən məlumata görə,
konsulluğun təşəbbüsü və dəstəyilə keçirilən tədbir, Kaliforniyanın
ən böyük xeyriyyə təşkilatlarından olan “Cou Atanın Kəndləri”
sığınacağında (Father Joe’s Villages) təşkil olunub.

Tədbirdən öncə “Cou Atanın Kəndləri” təşkilatının icraçı
direktoru C.Varqas ilə görüş keçirilib. O, Heydər Əliyevin
xatirəsinə həsr olunmuş, Baş Konsulluq tərəfindən təşkil olunan
xeyriyyə aksiyasına evsahibliyi etmələrindən məmnunluq
duyduqlarını, bu aksiyanın San Dieqoda yaşayan böyük sayda kimsəsiz
və evsiz-eşiksiz insanların yeməklə təmin olunmasında böyük rol
oynadığını vurğulayıb. Qeyd edilib ki, bu xeyriyyə tədbiri, eyni
zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə
nə qədər sadiq olmasının böyük göstəricilərindən biridir.

Qeyd edək ki, San Dieqoda hazırda 8 mindən çox evsiz-eşiksiz
insan yaşayır.

Teqlər: