Kafe-restoranlarda qaz balonlarından istifadə çox təhlükəlidir – Ekspert

Zirzəmilərdəki obyektlərdə, ictimai-iaşə müəssisələrində, çay
evləri, gecə klublarında propan qaz balonlarından istifadə yanğın
təhlükəsizliyi qaydalarına görə qadağandır.

Bunu AzerTimes-a Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bakıda
gecə klubunda baş verən partlayışla bağlı məsələni şərh edərkən
deyib.

E.Nurəliyev bildirib ki, bu qadağa insanların həyat və
sağlamlığının xoşagəlməz hadisələrdən qorunması üçündür.

“Zirzəmilərdə fəaliyyət göstərən mağaza, anbar və. s kimi
yerlərdə qaz təchizatı ilə bağlı qaydalara ciddi riayət olunmalıdır
ki, dəhşətli faciələr baş verməsin. İctimai iaşə müəssisələri,
insanların sıx toplaşdığı yerlərdə qaz balonlarından istifadə
olunması yanğın təhlükəsziliyi ilə bağlı qaydalara görə qadağandır.
10 kvadratmetrlik otaqda qaz balonunun partlaması 100 minlərlə ton
zərbə qüvvəsi deməkdir ki, burada hadisənin dəhşətini təsəvvür
etmək mümkündür.

Qapalı məkanlarda fişənglərdən, hansısa partlayıcı vasitələrdən
istifadə olunursa, bunun özü belə yolverilməzdir. Çünki qapalı
məkanlarda bu vasitələrdən istifadə yanğına səbəb ola bilər”, –
ekspert bildirib.

Qeyd edək ki, aprelin 3-də Bakıda gecə klubunda partlayış baş
verib. Baş Prokurorluğun məlumatına görə, hadisə zamanı 1 nəfər
ölüb, 31 nəfər yaralanıb.

Teqlər: