İyunun ilk 15 günü şəxsi avtomobillərdən maksimum az istifadə edin – DYP

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi
paytaxt sakinlərinə və paytaxta regionlardan səfər edən əhaliyə
müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli AzerTimes-a
bildirib ki, DYP iyun ayının ilk 15 günü ərzində şəxsi
avtomobillərdən maksimum dərəcədə az istifadə etməyi xahiş
edir:

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üzrə aparılan işlər və
irəliləyən günlərdə keçirilməsi nəzərdə tutulan yarış paytaxtın
mərkəzi ərazisndəki yollarda hərəkətin məhdudlaşdırılması və
istiqamətlərin dəyişdirilməsini zəruri edir. Hazırda nəzərdə
tutulan zolaqların daralması parklama imkanlarının isə demək olar
ki, tam məhdudlaşması mərkəzi ərəzidə, eləcə də paytaxtın Cənub
qapısı sayılan Bakı-Salyan yolu istiqamətində ciddi yüklənmələrə
səbəb olur. Bu da paytaxtın onsuz da gərgin olan hərəkət
dinamikasına təsirsiz ötüşmür. Ümumi hərəkət dinamikası isə öz
növbəsində zəncirvari effektlə digər küçə və prospektlərdə də
yüklənmələrə və yollarda ciddi sıxlığa səbəb olur.

Bu müddət ərzində əsasən ictimai nəqliyyata üstünlük verməyi,
şəhərin mərkəzinə doğru şəxsi avtomobillərlə hərəkəti maksimum
azaltmağı, təqdim edilən marşrutlar üzrə hərəkət etməyi tövsiyə
edirik.

Vətəndaşlarımız Cənubdan mərkəzə doğru, yəni Azneft və Neftçilər
dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü km-liyindən
Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar
və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

Eyni zamanda sürücülərə 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar
isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə
Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət
etməklə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur”, – A.Əsgərli
vurğulayıb.

Teqlər: