İtaliyanın Fossaçesia şəhərində Vətən müharibəsinin şəhidlərinin xatirəsi anılıb (FOTO)

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin anılması ilə əlaqədar İtaliyada silsilə tədbirlər davam edir. Bu xüsusda, İtaliyanın Abruzzo regionunun Fossaçesia şəhərində də tədbirlər keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən AzerTimes-a verilən məlumata görə, əvvəlcə Fossaçesia şəhərinin rəhbərliyi, o cümlədən şəhər şurasının üzvlərinin və şəhər ictimaiyətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Fossaçesia şəhərinin meri Enriko Di Cüzeppantonio çıxış edərək rəhbərlik etdiyi şəhərin Vətən müharibəsi dövründə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiyini, bu xüsusda şəhər Şurası tərəfindən qəbul edilmiş sənəddə İtaliya hökumətinə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edən BMT qətnamələrinin icrasının və Azərbaycanın suvernliyi və ərazi bütövlüyünün, öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin olunması üçün müvafiq addımların atılması üçün İtaliya hökumətinə çağırış edildiyini xatırladıb.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıqdan, xalqlararası təmasların, çətin məqamlarda qarşılıqlı dəstək və həmrəyliyin vacibliyindən danışıb. Bu xüsusda, diplomat Zəfər Günü ərəfəsində Fossaçesiya şəhərinə səfərinin həm də rəmzi xarakter daşıdığını, Vətən müharibəsi dövründə və ondan dərhal sonra Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmiş İtaliyanın çoxsaylı şəhər və bələdiyyələri arasında Fossaçesiya şəhərinin də olmasını vurğulayıb və şəhər rəhbərliyinə və şəhər Şurasının üzvlərinə nümayiş etdirdikləri ədalətli mövqeyə görə təşəkkürünü bildirib.

Tədbirdən sonra Azərbaycan-İtaliya dostluğuna və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş konsert keçirilib. Konsertdə İtaliyanın “I Bricconcello” kamera ansamblının üzvləri pianoçu Luciano Di Giandomenico və violonçel ifaçısı Pierluici Ruccieronun ifasında hər iki ölkənin klassik və xalq musiqi nümunələri təqdim olunub. Konsertdə İtaliya musiqiçilərinin ifasında təqdim edilmiş “Sarı gəlin” xalq mahnısı və Fərhad Bədəlbəylinin “Şuşa” kompozisiyası xüsusi maraqla qarşılanıb.

Qeyd edək ki, Fossaçesia şəhər Şurası Vətən müharibəsi ilə əlaqədar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən, Azərbaycan xalqı ilə həmrəylik və ölkəmizin ərazi bütövlüyünə dəstək nümayiş etdirən sənədlər qəbul etmiş İtaliyanın çoxsaylı şəhər və bələdiyyələrindən biri olub.

Fossaçesia şəhərində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin anılması ilə əlaqədar keçirilmiş tədbirlərlə bağlı “İl Giornale di Chieti”, “Zona Locale” və “Vastoweb” və sair kimi yerli mətbuat orqanlarında məlumatlar dərc olunub.

https://www.ilgiornaledichieti.it/news-il-giornale-di-chieti/lambasciatore-dellazerbaijan-in-visita-a-fossacesia/

https://valdisangro.zonalocale.it/2021/11/07/asse-abruzzo-azerbaijan-l-ambasciatore-azero-mammad-ahmadzada-in-visita-a-fossacesia/53133?e=valdisangro

https://www.vastoweb.com/news/attualita/1074194/lambasciatore-dellazerbaijan-in-visita-a-fossacesia

Teqlər: