İtaliyanın aparıcı mətbuat orqanlarından olan “Askanews” xəbər agentliyi tərəfindən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin video müsahibəsi yayılıb.
Azərbaycanın İtaliyadakı Səfirliyindən AzerTimes-a verilən məlumata görə, müsahibəsində diplomat Azərbaycan-İtaliya strateji tərəfdaşlığı barədə danışaraq iki ölkə arasında ənənəvi olaraq siyasi səviyyədə yüksək səviyyəli münasibətlərin olduğunu deyib.
İqtisadi sahədə əməkdaşlığın möhkəm özül üzərində qurulduğunu vurğulayan diplomat İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində strateji rola malik olduğunu bildirib. Bu xüsusda, ölkəmizin İtaliyanın əsas xam neft təchizatçılarından biri olduğundan, eləcə də Cənub Qaz Dəhlizinin hazırda dünyada təbii qazın qiymətlərinin yüksək olduğu şəraitdə İtaliyaya müsbət təsirlərindən danışıb.
Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsi perspektivlərinə toxunan diplomat Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində aparılan işlərə toxunub və bu təhsil ocağının iki ölkə arasında tərəfdaşlığın növbəti illərdə daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib. Müsahibəsində diplomat, habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən böyük bərpa və yenidənqurma işlərinin İtaliya şirkətləri üçün açdığı geniş imkanlardan danışıb.
M.Əhmədzadə dövlət müstəqliyimizin bərpasından 30 il sonra bu il bu önəmli ildönümünü torpaqlarımızın işğaldan azad olunması şəraitində qeyd edəcəyimizi bildirib. Müstəqilliyinin ilk illərində Azərbaycanın Ermənistanın hərbi işğalına məruz qaldığını və 30 ilə yaxın davam edən bu işğala ötən il Vətən müharibəsində Azərbaycanın son qoyduğunu və torpaqlarını işğaldan azad etdiyini qeyd edib. Münaqişənin artıq bitdiyini və davamlı sülhün təmin edilməsinin vacib olduğunu deyən diplomat Azərbaycanın buna töhfə verməyə hazır olduğunu və məhz bu səbəbdən də Ermənistana suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazılığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaqla bağlı təklif etdiyini bildirib.
Azərbaycan səfirinin müsahibəsi İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin marağına səbəb olub. Müsahibə eləcə də, “Il Sole 24 Ore”, “Yahoo Notizie”, “Yahoo Finanza”, “Virgilio”, “Quotidiano”, “Timgate”, “Il Giornale d’Italia”, “Quotidiano Nazionale”, “Today” və sair kimi mətbuat orqanları tərəfindən də yayılıb.
Müsahibə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
https://it.notizie.yahoo.com/si-rafforza-la-partnership-azerbaigian-083532821.html
https://it.finance.yahoo.com/video/si-rafforza-la-partnership-azerbaigian-083532821.html
https://timgate.it/video/topvideo/si-rafforza-la-partnership-azerbaigian-italia-oltre-l-energia.vum