İtaliya TAP-la idxal olunan qazın həcmini 10 milyard kubmetrə çatdırmaq istəyir

Trans-Adriatik (TAP) boru kəməri ilə İtaliyaya idxal olunan
təbii qaz həcmlərini illik 10 milyard kubmetrə çatdırmaq
istəyirik.

Trend xəbər
verir ki, bu sözləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq
Nazirliyinin dövlət katibi Manlio Di Stefano “La Repubblica”
qəzetinə müsahibəsində deyib.

“TAP boru kəməri İtaliyaya enerji qiymətlərindəki artımların
zərbəsini yumşaltmağa imkan verdi. TAP layihəsi haqqında danışmağa
başlananda hələ ekoloji transformasiyada söhbət getmirdi. Bu gün
təbii qaz ekoloji keçidi təmin edən əsas elementdir. Bugünkü
vəziyyət məni bu fikirləri deməyə vadar edir – xoşbəxtlikdən TAP
var”, – deyə o bildirib.

Manlio Di Stefano deyib: “Biz TAP boru kəməri ilə təbii qaz
tədarükünü ildə 7 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırmağı
hədəfləyirik. Gələcək perspektivdə TAP boru kəmərinin ötürücülük
qabiliyyətinin artırılması nəzərdə tutulur”.

Qeyd edək ki, TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabr
ayında başlayıb. Bu vaxtadək boru kəməri ilə Avropaya 8 milyard
kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib və bu həcmin 7
milyard kubmetri İtaliyaya çatdırılıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmentini təşkil edən TAP Avropa
üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz
mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji
təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın
diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında
mühüm rol oynayır.

Teqlər: