İtaliya Nazirlər Şurası koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün COVID-19 pandemiyası ilə əlaqədar daha sərt məhdudlaşdırıcı tədbirləri nəzərdə tutan yeni fərmanı təsdiqləyib.
Trend xəbər verir ki, dəyişikliklər green pass COVID-sertifikatını əhatə edəcək. Belə ki, sənəd koronavirus testindən keçənlər üçün 48 saat müddətinə veriləcək. O yalnız işə və ilk tələbat malların olduğu mağazalara giriş, həmçinin regionlararası nəqliyyatda səfərlər üçün tətbiq ediləcək.
Bundan əlavə, ölkədə vaksin olunmuş və ya koronavirus infeksiyasından sağalmış şəxslər üçün super green pass buraxılışı tətbiq ediləcək. Onun sahibləri qapalı restoranları, idman, əyləncə və mədəniyyət müəssisələrini ziyarət edə biləcəklər.
Nazirlər Şurası peyvənd edilməsi məcburi olan vətəndaşların kateqoriyalarının siyahısını da genişləndirib.
Yeni tədbirlərin tətbiqi üçün son tarix hələlik müəyyən edilməyib: yeni fərmanın bazar ertəsi, noyabrın 29-da qüvvəyə minməsi nəzərdə tutulub.