İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə
arasındakı münasibətlərin inkişafında növbəti mərhələdir.
Trend-in
məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev
universitetdə keçirilən “Italian Design Day” sərgisində deyib.
“İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında
münasibətlərin inkişafı üçün əhəmiyyət daşıyır. ADA Universiteti
İtaliyanın beş universiteti ilə artıq əməkdaşlıq edir. Ümid edirəm
ki, bizim birgə səylərimiz ölkələrimiz arasında məhsuldar
əməkdaşlığa töhfə verəcək”, – deyə o bildirib.
Qeyd edək ki, aprelin 2-də İtaliya-Azərbaycan Universitetinin
təməli qoyulub. Mərasimdə Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, təhsil
naziri Emin Əmrullayev və İtaliya Respublikasının xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio iştirak ediblər.