İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub (FOTO)

Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan
Universitetinin təməlqoyma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə,
təməlqoyma mərasimində Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov və təhsil
naziri Emin Əmrullayev və İtaliya Respublikasının xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio iştirak ediblər.

Qeyd edək ki, təməli qoyulan bu universitet Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb.
İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq
Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət
səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA
Universitetinin bazasında fəaliyyət göstərəcək.

İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın
beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya
Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik
Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu
xüsusda, keçən il ADA Universiteti ilə İtaliyanın adıçəkilən
universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin
yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb.

Təməlqoyma mərasimində yeni universitetin planlarını təqdim edən
ADA Universitetində yaradılmış İtaliya-Azərbaycan Universiteti üzrə
İşçi Qrupun rəhbəri Qalib Məmməd bildirib ki, burada təsis olunacaq
akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə
edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet
kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik
və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq,
o cümlədən şəhərsalma və landşaft memarlığı, dizayn, o cümlədən
interyer dizaynı, məhsul və xidmət dizaynı, kommunikasiya dizaynı,
sosial elmlər o cümlədən biznesin idarəolunması, italiyaşünaslıq,
innovasiya və sahibkarlıq istiqamətləri üzrə təcrübə, nou-hau,
texnologiya və innovasiyaların tətbiq olunacağı təhsil müəssisəsi
olacaq.

Teqlər: