İsveçrədə Azərbaycanın Müstəqillik Günü və iki ölkə arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə
tədbir keçirilib.
Trend-in
məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad
İsgəndərov “Twitter” səhifəsində yazıb.
“Kiçik, amma vacib ölkələr qlobal çağırışların öhdəsindən gələ
bilmək üçün bir-birinə daha yaxın olmalıdır. Biz Bern meri Alek fon
Qraffenridlə birlikdə Azərbaycanın Müstəqillik Günü və diplomatik
münasibətlərin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş
tədbirdə çıxışlar zamanı bu fikirlə razılaşdıq”, – səfir
bildirib.
O qeyd edib ki, tədbir çərçivəsində keçirilmiş konsert
proqramında xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ”
muğam kollektivi, eləcə də skripkaçı Ceyla Seyidova çıxış edib.
“Konsert proqramı nümayiş etdirdi ki, mədəniyyət insanları
birləşdirir”, – F.İsgəndərov yazıb.
(Tərcümə: Orxan Nəbiyev)