İsveçrə qəzeti Azərbaycanın Müstəqillik gününə həsr olunmuş tədbir barədə yazıb

İsveçrədə Azərbaycanın Müstəqillik Günü və iki ölkə arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə
tədbir keçirilib.

Trend-in
məlumatına görə, bu barədə “Neue Schweizer Zeitung” qəzeti
Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərovun “Twitter”
səhifəsinə istinadən yazıb.

“Kiçik, amma vacib ölkələr qlobal çağırışların öhdəsindən gələ
bilmək üçün bir-birinə daha yaxın olmalıdır. Biz Bern meri Alek fon
Qraffenridlə birlikdə Azərbaycanın Müstəqillik Günü və diplomatik
münasibətlərin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş
tədbirdə çıxışlar zamanı bu fikirlə razılaşdıq”, – səfir
bildirib.

O qeyd edib ki, tədbir çərçivəsində keçirilmiş konsert
proqramında xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ”
muğam kollektivi, eləcə də skripkaçı Ceyla Seyidova çıxış edib.

“Konsert proqramı nümayiş etdirdi ki, mədəniyyət insanları
birləşdirir”, – F.İsgəndərov yazıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan və İsveçrə iqtisadiyyatın
müxtəlif sektorlarında əməkdaşlıq edir. İki ölkə arasında
diplomatik münasibətlər 1992-ci il yanvarın 21-də qurulub. Bakı və
Bern arasında qeyri-neft sektorunda qarşılıqlı səmərəli əməkdaşlıq
təşkil olunub. 2022-ci ildə Bakıda İsveçrə və Azərbaycan arasında
Ticari-iqtisadai münasibətlər komitəsinin iclası keçiriləcək.
2021-ci ildə iki ölkə arasında ticarətin həcmi 457,2 milyon dollar,
ixrac 272,5 milyon dollar, idxal 184,7 milyon dollar təşkil
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: