İstilik təchizatı sahəsində islahatlar sürətləndiriləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev İstilik təchizatı sahəsində islahatların
sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər
haqqında Sərəncam imzalayıb.

AzerTimes xəbər verir ki,
Sərəncama əsasən, istilik təchizatı sahəsində islahatların
sürətləndirilməsi, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin
fəaliyyətinin gücləndirilməsi, səmərəliliyin artırılması, bu sahəyə
ayrılan subsidiyaların mərhələli şəkildə aradan qaldırılması və
istehlakçıların istilik təchizatına olan tələbatının etibarlı
şəkildə ödənilməsinin təmin edilməsi məqsədilə qərara alınır:

– Azərbaycan Respublikasının Energetika Nazirliyi tanınmış
beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə istilik təchizatı
sahəsində islahatların sürətləndirilməsi, habelə səmərəliliyin
artırılması, bərpa olunan enerji mənbələrindən bu məqsədlə
istifadə, xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və
bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf
istiqamətləri üzrə təkliflərini 9 (doqquz) ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 9 (doqquz) ay
müddətində:

– Azərbaycan Respublikası Energetika Nazirliyinin Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri
əsasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin
fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin
optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin
sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və
istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;

– enerji resurslarından səmərəli istifadə edilməsi və tikinti
obyektlərində optimal istilik təchizatı sistemlərinin tətbiqi
məqsədilə isti su və istilik təchizatı sahəsini tənzimləyən texniki
normativ hüquqi aktların hazırlanmasını və ya təkmilləşdirilməsini
təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;

– Azərbaycan Respublikasının Energetika Nazirliyinin təklifləri
əsasında “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası
Qanununun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;

– bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Teqlər: