İsti hava şəraiti həftənin sonunadək davam edəcək

Hazırda havanın temperaturu iqlim normasından 4 dərəcəyədək
yüksəkdir.


Trend
xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, mülayim isti hava şəraiti həftə sonunadək
davam edəcək.

U.Tağıyeva qeyd edib ki, iyun ayı ilin ən uzun günləri ilə
fərqlənir.

“Bununla bərabər, havanın hərarəti də tədricən yüksəlir və
adətən may ayına nisbətən 4-5 dərəcə yüksək olur. Son 21 il ərzində
ən isti iyun 2019-cu ildə müşahidə edilib. Bakıda havanın orta
aylıq temperaturu 27 dərəcə isti təşkil edib ki, bu da iqlim
normasından 4 dərəcə yüksəkdir. 2020-ci il iyunun 3-də Bakıda
havanın temperaturu 40.4 dərəcə, 2021-ci il iyunun 26-da 41.2
dərəcə isti olub ki, bununla da, mütləq maksimum temperatur
təzələnib. Son 21 il ərzində isə ən sərin iyun 2003-cü ildə
müşahidə edilib, iyunun 6-da minimal temperatur Bakıda cəmi 12.6
dərəcə isti olub. Ümumilikdə son 21 il ərzində iyun ayında 16 il
havanın aylıq temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək, 5
il isə normadan 1.5 dərəcəyədək aşağı olub. İqlimin istiləşməsini
bütün fəsillərdə müşahidə edirik”, – deyə o bildirib.

Xidmət rəisi vurğulayıb ki, bu ilin may ayı ölkə ərazisində
hava-iqlim dəyişkənliyi ilə daha çox fərqlənib.

“İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə
müdaxiləsi nəticəsində hava şəraiti qeyri-sabit, yağıntılı oldu,
dağlıq ərazilərdə qar yağdı. May ayı ərzində temperatur 14 gün
iqlim normasından 4.5 dərəcəyədək yüksək, 15 gün iqlim normasından
3 dərəcəyədək aşağı, yalnız 2 gün isə norma daxilində olub.
Temperatur amplitudası isə 22 dərəcədən artıq olub. Ən minimal
temperatur mayın 13-də 10.3 dərəcə isti, ən yüksək temperatur isə
mayın 31-də 32.5 dərəcə isti qeydə alınıb. Ayrı-ayrı günlərdə
ildırım-dolu prosesi baş verib, 17 dəfə dolu yağıb. Müqayisə üçün
2000-ci ilədək ildə cəmi 4-5 sel hadisəsi qeydə alınırdısa, bu ilin
yalnız may ayında leysan xarakterli intensiv yağıntılar nəticəsində
sel-daşqın hadisəsi 18 dəfə baş verib”, – deyə qeyd edib.

Onun sözlərinə görə, mayın 31-də saat 12:00 radələrindən
Göygöldə yerləşən Dopler radar vasitəsi ilə sayılı saatlar ərzində
ölkənin qərbində lokal ərazini əhatə edən bulud sisteminin
yaranması izlənməyə başladı, saat 14:00-15:15 radələrində isə yağan
leysan yağış nəticəsində Gədəbəy rayonu Çalburun kəndindən sel
keçdi. Bu cür hadisələr son zamanlar gözlənilmədən baş verir və
onları yalnız bir-neçə saat öncədən yeni texnologiyaların tətbiqi
ilə izləmək mümkün olur. Digər illərdən fərqli olaraq yağıntılı
günlərin sayı daha çox olub, yağıntılar ölkə ərazisində
qeyri-bərabər paylanıb, bəzi yerlərdə isə normadan çox olub. Düşən
yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın
126-190, Daşkəsəndə 119, Altıağacda 149, Zaqatalada 161, Qubada
172, Şəkidə 191, Qobustanda 194, Balakəndə 201, Şamaxıda 212,
Qəbələdə 221, Oğuzda 249, Hacıqabulda 102, İmişlidə 122, Bərdədə
144, Yevlaxda 159, Kürdəmirdə 179, Lənkəranda 127, Lerikdə 206
faizini təşkil edib. Qar örtüyünün hündürlüyü Şahdağda 45 sm,
Qrızda 15 sm, Xınalıqda 14 sm olub, hava şəraiti küləkli keçib,
küləyin sürəti 20 gün 15 m/s-dən çox olub.

Teqlər: