İstərdim ki, İspaniyada da belə bir gimnastika mərkəzi olsun – Polina Beryozina

Trend Azərbaycan Gimnastika Federasiyasının mətbuat
xidmətinə istinadən bədii gimnastika üzrə İspaniya yığma
komandasının üzvü Polina Beryozina ilə müsahibəni təqdim
edir.

– Azərbaycana xoş gəlmisiniz. Təlim-məşq toplanışlarında
iştirakınız barədə məlumat verərdiniz.

– Azərbaycana məşqçim və digər gənc gimnastla birgə gəlmişik.
Bakıya səfərimizin məqsədi təcrübə toplamaq, peşəkarlarla işləmək,
Azərbaycanın ən yaxşı gimnastlarından öyrənməkdir. Burada məşq
etmək mənim çox xoşuma gəlir. Artıq bir neçə gündür ki, məşq
edirəm. Kifayət qədər yeni məlumatlar əldə etmişəm. Ümid edirəm ki,
bu təcrübə idmanda, həyatda və məqsədlərimə çatmaqda mənə çox kömək
edəcək.

– Bu sizin Azərbaycana ilk səfərinizdir?

– Bu, mənim Bakıda ilk təcrübəm deyil. Bakıda mütəmadi olaraq
Dünya kubokları keçirilir və son 3-4 ildə demək olar ki, hamısında
iştirak etmişəm. Bu yarışlarda iştirak etməyi çox xoşlayıram.

– Buradakı şəraiti necə dəyərləndirirsiniz?


Buradakı şərait sadəcə qüsursuzdur. Çoxlu gimnastlar birlikdə
təcrübələrini paylaşırlar. Kifayət qədər məşq xalçaları var.
Peşəkar xoreoqraflar, fizioterapevtlər – hamı burada böyük bir
komanda kimi çalışır. Onlar elə gözəl şəraitdə işləyirlər ki, demək
olar ki, heç nə əksik olmur. İstərdim ki, İspaniyada da belə bir
gimnastika mərkəzi olsun.

– Pandemiya dövründə yarışlara hazırlığını necə
dəyərləndirirsiniz?

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar hər yer bağlı
olduğu üçün 3 ay evdə qalmalı olduq. Məşq etmək çox çətin idi,
şərtlər demək olar ki, dözülməz idi. Amma qarşıda məni Olimpiya
Oyunlarına seçmə yarışlar gözləyirdi. Buna görə də məşqləri davam
etdirmək, bu vəziyyətdən çıxmaq üçün özümdə güc tapdım. Karantindən
çıxan kimi işlər sürətlə getməyə başladı. Çünki istəklərim və
planlarım var idi. Həqiqətən, deyə bilərəm ki, bu 3 ay bizə
düşünmək üçün vaxt verdi. Biz arzu və məqsədlərimiz barədə
fikirləşmək imkanı qazandıq. Həqiqətən idmanla məşğul olmaq
istəyirik, yoxsa yox?

– Qarşıdakı planların nədən ibarətdir?

– İndi mənim gələcəklə bağlı əsas planlarım qarşıdakı yarışlara
yaxşı hazırlaşmaqdır. Gələn il Parisdə keçiriləcək Olimpiya
Oyunlarına seçmə yarışlar keçiriləcək. Çox istərdim ki, İspaniya
üçün lisenziya qazanım.

Teqlər: