İstehlakçılara 214 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə
obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin
geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir,
layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm
nəticələr verir.

Dövlət Vergi Xidmətindən
Trend
-ə verilən məlumata görə, bu günədək alınan mallara görə
ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az
portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.“ƏDV geri al”
layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1-ci rübünün
sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə
536.252.529 kassa çeki üzrə 213,9 milyon manatdan çox, təkcə bu
ilin yanvar-mart ayları ərzində isə 107.998.512 çek üzrə 42 milyon
manatdan çox ƏDV məbləği geri qaytarılıb. Qeyd edək ki, 2021-ci
ilin 1-ci rübü ərzində istehlakçılara 67.101.388 kassa çeki üzrə
26,7 milyon manatdan çox ƏDV məbləği qaytarılıb.

Qeyd edilib ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk
növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən
yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf
isə ƏDV ödəyicisi olmalıdır.

“Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb
olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından
istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması
yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə
mümkündür. Hazırda ölkə üzrə tətbiq edilən onayn kassaların sayı
58.095-dir.

İstehlakçı alınan malların dəyərini nağd və ya nağdsız qaydada
ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn
nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri
nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı
ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq
POS-terminaldan çıxarış da verilməlidir”,- deyə əlavə edilib.

Teqlər: