İstanbulda Azərbaycan Evlərinin və Azərbaycanlıların Koordinasiya Şuralarının toplantısı keçirilib (FOTO)

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə İstanbul şəhərində xaricdəki Azərbaycan Evlərinin birinci və Azərbaycanlıların Koordinasiya Şuralarının ikinci toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

Toplantını giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu görüşün qalib xalqımız, qalib ordumuz üçün böyük önəm daşıyan bir tarixə – Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə təsadüf etməsinə diqqət çəkib. Komitə sədri Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük zəfərdə birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran diasporumuzun rolunu xüsusilə vurğulayıb.

Son illərdə Diasporla iş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr çərçivəsində daha sıx təşkilatlanan Azərbaycan diasporunun bundan sonrakı fəaliyyət istiqamətlərini və gələcək perspektivlərini müəyyən edən yol xəritəsi, eləcə də Azərbaycanlıların Koordinasiya Şuralarının fəaliyyətlərinə dair prioritet məsələlər müzakirə edilib. Son üç ildə diaspor quruculuğu sahəsində atılan addımlar Azərbaycan diasporun mütəşəkkilliyinin möhkəmlənməsi, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsi baxımından yüksək qiymətləndirilib.
Toplantıda çıxış edənlər Koordinasiya Şuralarının ikinci toplantısının birlik və bərabərlik yolunda daha inamla addımlayan Azərbaycan diasporunun fəaliyyətinə ciddi töhfələr verəcəyini bildiriblər.
Daha sonra Azərbaycan Evlərinin və Koordinasiya Şuralarının hesabatları dinlənilib və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.

Qeyd: Xaricdəki Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı 2019-cu ildə də Türkiyə Respublikasının İstanbul şəhərində keçirilib.

Teqlər: