Tehranla danışıqlar lazım gəldikdə İrana qarşı istifadə oluna biləcək hərbi potensialı nümayiş etdirməklə aparılmalıdır.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Yair Lapid deyib.
“2015-ci ildə ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək məqsədilə İrana təzyiq etmək üçün ABŞ-ın hazırladığı anti-bunker bombaları haqqında məlumatları açıqladı. İranlılar həmişə böyük güc qarşısında geri çəkilirlər”, – baş nazir bildirib.
O vurğulayıb ki, gündəmdə məqbul hərbi həll olarsa, İranla Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) daha yaxşı razılığa nail olmaq mümkündür.
“Mən sadə bir şey demək istəyirəm: İsrailin hətta ABŞ-ın belə bəzən qorxduğu imkanları var. İsrail müharibəni alovlandıran deyil. Biz müharibə istəmirik. Axı bizim İranla heç bir tarixi münaqişəmiz yoxdur. Amma hər kəsə aydın olmalıdır ki, İsrail İranın nüvə gücünə çevrilməsinə imkan verməyəcək”, – Lapid bəyan edib.