Gürcüstanda İsrail vətəndaşını öldürməyi planlaşdıran bir qrup şəxs saxlanılıb.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
Qeyd olunur ki, iş üzrə Gürcüstan və İranın ikili vətəndaşlığı olan şəxslər də saxlanılıb.
“Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pakistan vətəndaşı, habelə ikili İran-Gürcüstan vətəndaşlığı olan şəxslər saxlanılıb. Xaricdə yaşayan təşkilatçılar, o cümlədən qətlin sifarişçisi olduğu ehtimal edilən İran vətəndaşı və digər iştirakçılar müəyyən edilib, barələrində kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – deyə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir.
İstintaq müəyyən edib ki, Pakistan vətəndaşı Gürcüstana bu ölkədə olan İsrail vətəndaşını öldürmək məqsədi ilə gəlib. Gələn şəxsə lazımi təlimat və obyekt haqqında məlumat verilib. Silahı isə ona ikili vətəndaşlığı olan şəxslər verib.
“Cinayətin törədilməsində iştirak edən və ona köməklik göstərən digər şəxslərin də müəyyən edilməsi üçün tədbirlər görülür”, – deyə istintaq orqanınln açıqlamasında bildirilir.