Xəbər - Ləman Zeynalova – Trend:
İsrail ümid edir ki, bu ölkənin şirkətləri Azərbaycanda bərpa
olunan enerji üzrə layihələrdə iştirak edəcəklər.
Bunu Trend-ə
özəl müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik
deyib.
Səfir qeyd edib ki, İsrail ekoloji təmiz enerji texnologiyaları
sahəsində dünya lideridir.
“Fikrimcə, biz Azərbaycanla, xüsusilə də hökumətlə, Energetika
Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə günəş
və külək enerjisi sahəsində İsrail texnologiyalarının istifadəsi
üzrə sıx əməkdaşlıq edə bilərik. Azərbaycanda mövcud günəş enerjisi
infrastrukturu məni heyrətləndirib. Mən Naxçıvanda olmuşam və
günəşli günlərdə bölgənin elektrik enerjisi tələbatını 100 faiz
təmin edəcək beş günəş elektrik stansiyasını görmüşəm. Məni həm də
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Azərbaycanda
bərpa olunan enerji sahəsində layihələr üzrə tenderlərin
keçirilməsi planları da məmnun edir. Bizim şirkətlərimiz
Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlıdır. Ümid edirik
ki, bu, yaxın zamanlarda baş tutacaq”, – deyə o bildirib.
Qarabağda layihələr barədə
15-dək İsrail şirkəti Qarabağda layihələrdə iştirak etmək üçün
Azərbaycandakı İsrail səfirliyinə müraciət edib.
“Daha çox şirkət isə səfirlik vasitəsilə deyil, birbaşa müraciət
edib. Hesab edirəm ki, söhbət “ağıllı şəhər”lərin tikintisindən
“yaşıl enerji”, kənd təsərrüfatı, xəstəxana, spa mərkəzi
tikintisinədək, müxtəlif layihələr üçün müraciət edən onlarla
şirkətdən gedir. İndi bizdə fəal özəl sektor var, onlar səfirlikdən
asılı olmadan fəaliyyət göstərir”, – deyə o bildirib.
Səfir qeyd edib ki, İsrail həmişə Azərbaycanı, xüsusən də, ərazi
bütövlüyü məsələsində dəstəkləyib.
“Biz şadıq ki, Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru bərpa
etmək və dirçəltmək imkanı var. Hesab edirik ki, bu, Azərbaycanın
digər ölkələrlə əməkdaşlığı üçün böyük imkanlar yaradır. Həmçinin,
hesab edirik ki, İsrail su ehtiyatlarının idarə olunması, kənd
təsərrüfatı, səhiyyə, innovasiyalar, “ağıllı şəhər”lər, “yaşıl
enerji” kimi sahələrdə öz töhfəsini verə bilər. Fikrimcə, İsrailin
bu sahələrdə Azərbaycanın yaxşı tərəfdaşına çevrilmək imkanı var”,
– C.Dik deyib.
Onun sözlərinə görə, hazırda İsrailin özəl sektorunun iştirakı
ilə kənd təsərrüfatı sahəsində bir neçə layihə hazırlıq
mərhələsindədir.
“Bu layihələrdən birini Zəngilanda reallaşdırmaq planlaşdırılır.
Biz onun reallaşdırılması ilə bağlı nikbin əhval-ruhiyyədəyik. Bu
layihə yaxın zamanlarda hazırlanacaq. İsrail şirkəti ferma və
“ağıllı kənd” yaradıb işə salmağı planlaşdırır. Biz bu sazişləri
hökumət xətti ilə bağlamırıq. İsrail şirkətləri Azərbaycandakı
tərəfdaşlarımızla birbaşa müqavilələr imzalayır. Məsələn,
Zəngilanda “ağıllı şəhər”in yaradılması ilə bağlı müqaviləyə
cavabdeh olan Azərbaycan şirkəti var. Onlar iki özəl şirkət
arasında sənədləri imzalayır. Bu layihə üzrə danışıqlar aparılırdı.
Hesab edirəm ki, artıq proses başa çatıb və burada süd istehsalı
üçün yüzlərlə inək və camışın saxlandığı ferma yaradılmalıdır”, –
deyə o bildirib.
Digər sahələrə gəldikdə, səfir vurğulayıb ki, Ağdamda su sektoru
üzrə layihələr mövcuddur və bununla bağlı “Mekorot”, “Baran Group”
və digər şirkətlərlə danışıqlar aparılıb.
O əlavə edib ki, İsrail şirkətləri, həmçinin, Qarabağda və
Azərbaycanın digər ərazilərində “yaşıl enerji” sahəsində
layihələrdə iştirak etməyə hazırdır.
“Hazırda Abşeronda, xüsusilə, günəş və külək enerjisi
sahələrində İsrail şirkətlərini maraqlandıra biləcək layihələr var.
Biz bu sahədə şirkətlər arasında əməkdaşlığı genişləndirməyə
çalışırıq. Biz bir şeyi yadda saxlamalıyıq: Qarabağın bərpası
Azərbaycan üçün tarixi məqamdır. İsrail uzunmüddətli perspektivdə
Azərbaycanla dostluq və tərəfdaşlığı hədəfləyir. Biz İsrail
təcrübəsi və dəstəyinin tələb olunacağı bütün sahələrdə Azərbaycana
kömək etməyə hazırıq”, – səfir deyib.
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı C.Dik
bildirib ki, bununla əlaqədar onun Azərbaycan Minatəmizləmə
Agentliyində görüşləri olub.
“Bir neçə İsrail şirkəti buraya gələrək agentliklə
məsləhətləşmələr keçirib. Bu şirkətlərin nümayəndələri həmin
ərazilərdə olub və öz təkliflərini də irəli sürüb”, – C.Dik
vurğulayıb.
SOCAR-ın İsrailin enerji bazarında iştirak imkanları
barədə
İsrail ümid edir ki, gələcəkdə Azərbaycan Dövlət Neft Şirkəti bu
ölkənin enerji sahəsinin bir hissəsi olacaq.
“Enerji əməkdaşlığının birinci aspekti Azərbaycandan neft
idxalıdır. Bu, davam edir, biz neftimizin üçdə-bir hissəsini
Azərbaycandan idxal edirik və bunu gələcəkdə davam etdirəcəyik.
Əməkdaşlığın ikinci istiqaməti məsləhətləşmələrdir. SOCAR neft-qaz
sahəsində böyük təcrübəyə malikdir, biz isə yeniyik. Biz SOCAR kimi
şirkətlərin bilik və təcrübələri üzərində çox şey öyrənə bilərik”,
– səfir deyib.
O xatırladıb ki, uzun illər ərzində SOCAR nümayəndələri İsrailə
səfər edib və İsraildən nümayəndələr Azərbaycana gələrək bu sahədə
əməkdaşlığı müzakirə ediblər.
“Biz gələcəkdə bu əməkdaşlığı davam etdirməkdən məmnun olarıq.
SOCAR bir neçə il əvvəl İsrailə enerji ehtiyatlarının kəşfiyyatında
iştirak edib. Amma bu kəşfiyyat uğurla başa çatmayıb. Bu işlər hər
zaman uğurlu olmur. Biz ümid edirik ki, SOCAR gələcəkdə İsraildə
fəal olacaq və bu ölkənin enerji sahəsinin bir hissəsinə
çevriləcək”, – C.Dik deyib.
İqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq
perspektivləri
Səfirin sözlərinə görə, İsrail və Azərbaycan qlobal istiləşmə və
iqlim dəyişiklikləri ilə mübarizədə əməkdaşlıq edə bilər.
“Biz iqlim dəyişikliyi ilə mübarizə prosesinə sadiqik, bu
dəyişikliklər İsraildə quraqlıq və qəfil daşqınlara səbəb olur. Bu
gün Azərbaycanda, Şahdağda temperatur təxminən 10 dərəcəyə çatır.
Antarktikada aysberqlər əriyir, yüksək temperaturu olan ərazilər
yaşayış üçün əlverişsiz olur. Biz hesab edirik ki, iqlim
dəyişiklikləri ilə mübarizədə böyük töhfə verə bilərik”, – deyə o
bildirib.
Səfir qeyd edib ki, İsrail 100 il əvvəllə müqayisədə daha çox
ağacın əkildiyi dünyada yeganə ölkədir.
“İsrail həm də suları anbarlara, göllərə axıdan yeganə ölkədir.
Biz Azərbaycanla birlikdə nəinki iki ölkə üçün, həm də bütün dünya
üçün iqlim dəyişiklikləri ilə mübarizədə müsbət nəticələrə nail ola
bilərik”, – C.Dik vurğulayıb.
İsrail-Azərbaycan birgə komissiyasının
fəaliyyəti
O bildirib ki, yaxın üç ay ərzində Bakıda İsrail-Azərbaycan
birgə komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir.
“Bu ölkələr arasında birgə komissiya sonuncu dəfə ötən il onlayn
formatda toplanmışdı. Biz növbəti iclası yaxın üç ay ərzində Bakıda
keçirməyi planlaşdırırıq. Birgə komissiya Azərbaycanda ilk dəfə
keçiriləcək. İsrail tərəfdən komissiyanın həmsədri, turizm naziri
Yoel Razvozovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana
gələcək. Həmçinin, biznes forumun keçirilməsi planlaşdırılır”, –
səfir deyib.
Səfir, həmçinin, Azərbaycanın kənd təsərrüfatı nazirinin ötən
ilin noyabrında İsrailə səfərini xatırladıb.
“Bu səfər çox məhsuldar olub və tədqiqatların keçirilməsi,
İsrail şirkətlərinin Azərbaycanda istehsal xətlərinin açılması,
azərbaycanlı fermerlərin İsrail texnologiyalarının istifadəsi ilə
bağlı tədrisi məsələlərində müsbət nəticələr əldə olunub ”, – deyə
o bildirib.
C.Dik deyib ki, fevralın 24-də Gəncə Universiteti və USAID-lə
əməkdaşlıqda Gəncə şəhərində model fermanın işə salınması
planlaşdırılır.
“Biz birlikdə azərbaycanlı fermerlərin bağçılıq sahəsində öncül
iş təcrübəsini öyrənə biləcəkləri bir yer yaradacağıq. İsraildən
olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Azərbaycanda
suvarma sahəsində öncül təcrübə ilə tanışlıq məqsədilə model
fermalar açır. Burada az su, az qüvvə və az vaxt sərf etməklə daha
çox məhsul yetişdirmək üçün ən yeni bilik və təcrübələrimizlə tanış
olmaq olar. Turizm naziri Yoel Razvozovun Azərbaycana səfərini
səbirsizliklə gözləyirik. Ümid edirik ki, bunadək Azərbaycana daha
bir israilli nazir səfər edəcək”, – səfir bildirib.
Azərbaycanın İsraildə turizm nümayəndəliyinin işi
barədə
Səfirin sözlərinə görə, Azərbaycanın İsraildəki turizm
nümayəndəliyi İsraildən Azərbaycana gələn turistlərin sayının
artırılması, eləcə də turizmin şaxələndirilməsi üzərində
işləyir.
“Fikrimcə, turizm sahəsində nəhəng potensial var. Əgər
pandemiyadan əvvəlki dövrə nəzər salsaq, 2016-cı ildə İsraildən
Azərbaycana gələn turistlərin sayı 10 min nəfər, 2019-cu ildə 50
min nəfər idi. COVID-19 olmasa idi, bu rəqəm indi iki dəfə
artacaqdı. COVID-19 bütün dünyada turizmi öldürür. Həm İsraildə,
həm də Azərbaycanda turist çatışmazlığı var. Bu, lokal yox, qlobal
problemdir. Biz bu pandemiya ilə mübarizənin yollarını müəyyən
etməliyik ki, post-COVID dövrünə keçə bilək”, – səfir deyib.
Onun sözlərinə görə, pandemiyanın davam etməsinə baxmayaraq,
İsraillə Azərbaycan arasında reyslər həftədə bir və ya iki dəfə
həyata keçirilir.
“Bu, müsbət işarədir və onu göstərir ki, irəliləyiş var. Mən
inanıram ki, İsraildə açılmış turizm nümayəndəliyi Azərbaycana
gələn turistlərin sayını artırmaq üçün israillilərlə işləyə
biləcək. İsraildə heç də hamı bilmir ki, Azərbaycanda dağ-xizək
kurortları var. Qış turizmini inkişaf etdirmək olar. Gənclər
Azərbaycana kifayət qədər səfər etmir. Azərbaycana əsasən ailələr
və yaşlı insanlar gəlir. Niyə də gənclərlə iş görülməsin? Bu,
hazırda turist sayının artırılması üçün turizm nümayəndəliyinin
məşğul olduğu işdir”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)