İsrail İran üçün o qədər təhlükəlidir ki… – Ataxan

İsrail İran üçün o qədər təhlükəlidir ki… – Ataxan

Dəməşqdə Qüds qüvvələrinə aid binanın vurulması ilə İsrail bir növ Tehranı yerində oturtdu.

Bu sözləri AzerTimes-a Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxan Suriyada İranın yüksək rütbəli zabitlərinin öldürülməsinin İsrail ilə müharibə ehtimalını artıracağı barədə fikirləri şərh edərkən deyib.

“İran vurulan binanı konsulluq binası kimi təqdim edib, diplomatik müstəviyə qaldırmağa və beynəlxalq aləmdə tərəfdarlarının sayını çoxaltmağa çalışır ki, indiki vəziyyətdə İsraillə münaqişədə tək qalmasın. Konsulluq binası dedikləri yer İranın Qüds qolunun yerləşdiyi məkandır. Öldürülən şəxslər isə deyərdim ki, Qasım Süleymanlı ilə eyni səviyyədə olan komandirlərdir. Məhəmməd Rza Zahidi Yaxın Şərqdə Xameneinin ən güvəndiyi adam idi. Onun öldürülməsi isə xüsusi bir mesajdır. İsrail dəfələrlə bildirib ki, rejimin ən yaxın adamlarını vuracaq”, – Ataxan bildirib.

Partiya sədrinin sözlərinə görə, İsrail Tehran rejimi üçün çox təhlükəlidir:

“ABŞ-ın addımlarını əvəlcədən təxmin etmək mümkün olsa da, İsraillə bu, mümkün deyil. Ani bir hücumla lazım bildiyi hədəfləri vurur və ya şübhəlini zərəsizləşdirir. Tehranın düz mərkəzində İranın atom üzrə mütəxəssisini öldürə bilib. Eləcə də digər yüksək rütbəli zabitlərini aradan götürüb. Bəs, İran nə edib? Ciddi heç nə. Hadisədən dərhal sonra çağırılan iclasda bir məsələ nəzərdən qaçmadı. Hücum edən İsraildir, lakin hədəf ABŞ elan edildi. Hədəfi İsraildən yayındırıb, ABŞ-a yönləndirirlər. Məncə, bu daxili auditoriya üçün deyilmiş sözlərdir. İranın ərazi bütövlüyünün və molla rejiminin ABŞ üçün nə demək olduğunu rejim yaxşı bilir. Amma İsrail üçün İranın ərazi bütövlüyü məsələsi önəmli deyil. Təl-Əvivin siyasətini və ata biləcəyi addımı anlaya bilmirlər. Bilmirlər ki, İsrail İranın parçalanmasına kimi gedər, ya yox? Bu məqsədlə aranı nisbətən sakitləşdirmək və İsraildən ictimai fikri yayındırmaq üçün ABŞ-ı döyəcləyirlər”.

Teqlər: