İsmayıllıda qara tab gətirməyən evin talvarı çöküb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
güclü qarın yağması nəticəsində İsmayıllı rayonunun Basqal
qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısındakı
talvarın çökərək evin giriş hissəsini bağlaması və sakinlərin evdə
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar dərhal çağırış
ünvanına FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon
Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş
Kazımov Əbülfəz Həsən oğluna məxsus fərdi yaşayış evinin
qarşısındakı talvarın yağan qarın ağırlığına tab gətirməyərək
çökməsi nəticəsində evin giriş-çıxışının bağlanması və evdə 2
nəfərin köməksiz vəziyyətdə qalması müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif avadanlıqlardan
istifadə olunmaqla fərdi yaşayış evinə bitişik tikilmiş ümumi
sahəsi 35 kv.m olan talvar sökülərək evə giriş-çıxış bərpa olunub
və evin sahibi və həyat yoldaşı xilas olunub.

Teqlər: