İsmayıllıda mübahisə zəminində iki nəfərə daşla ağır xəsarətlər yetirən şəxs saxlanılıb

Fevralın 28-də İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində
hərəkətdə olan “VAZ-2106” markalı nəqliyyat vasitəsinin
idarəetmədən çıxaraq aşması nəticəsində sürücü Elşad Fərzəliyev və
sərnişini Vüsal Salmanov müxtəli dərəcəli bədən xəsarətləri
alıblar. Bir neçə gündən sonra E.Fərzəliyev aldığı xəsarətlərdən
xəstəxanada vəfat edib.Faktla bağlı rayon polis şöbəsində Cinayət
Məcəlləsinin 263.2-ci (Avtomobil, tramvay və ya digər mexaniki
nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya
nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması,
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki,
yol-nəqliyyat hadisəsi baş verməzdən təxminən 3 saat öncə onlarla
tikintidə birlikdə işləyən rayon sakini Qədir Qədirli arasında
mübahisə yaranıb. Nəticədə sonuncu hər iki şəxsin baş nahiyəsinə
daşla vuraraq ağır xəsarətlər yetirib. Daha sonra mübahisəni davam
etdirmək üçün onunla təkrar görüşə gedən E.Fərzəliyev və V.Salmanov
qəzaya düşüblər.

İstintaq zamanı alınan məhkəmə tibbi-ekspertizanın rəyləri ilə
də Q.Qədirlinin mübahisə zəminində digər iki nəfərə ağır bədən
xəsarətləri yetirdiyi təsdiq olunub. Faktla bağlı Cinayət
Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma- iki və
ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs,
qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi
başlanılıb, Q.Qədirli şübhəli şəxs qismində saxlanılıb.

Teqlər: