İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən
mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul,
tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa
aparatını,100 manat dəyərində “Poz, qazan” lotereyalarını və digər
ərzaq məhsullarını oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə,polis əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən
şəxsin Göyçay şəhər sakini, əvvəllər də narkotik vasitələrin satışı
ilə məşğul olduğu üçün məhkum olunmuş İlqar Mustafayev olduğu
müəyyən edilib.O, şübhəli şəxs qismində saxlanılıb və əməlini
etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq
tədbirləri davam etdirilir.İlqar Mustafayev barəsində də məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.