İslamofobiya Fransanın dövlət siyasətidir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparat rəhbəri Aydın Səfixanlı Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan “Genderləşdirilmiş İslamofobiyanın Matrisi: Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət” adlı paneldə çıxışında deyib.
Onun sözlərinə görə, bu gün islamofobiya müxtəlif aspektlərdə özünü göstərir və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnir:
“İslamofobiyanın qadınlara təsiri daha ciddidir və belə halların aradan qaldırılması üçün təcili tədbirlər görülməlidir. Müsəlman qadınların seçim azadlığını müdafiə edərkən beynəlxalq təşkilatlar onların fundamental hüquqlarının qorunmasına kömək edəcək həll yolları tapmalıdır”.
Aparat rəhbəri bildirib ki, müsəlman qadınların hüquqlarının inkarı Avropada, xüsusən də Fransada artan islamafobiya kontekstində baş verir:
“Bir çox Avropa ölkələrində dini geyimi qadağan edən qanunlar var və bu, azadlıq hüququnun kobud şəkildə pozulmasıdır. Dini geyimlərə qoyulan məhdudiyyətlər çox vaxt bütün dinlərə mənsub insanlara şamil edilən neytrallıq çərçivəsində əsaslandırılır, lakin əslində bu, yalnız müsəlman qadınlara qarşı yönəlib və İslamın Qərb dəyərlərinə uyğun gəlməməsi ilə bağlı daha geniş müzakirələrin bir hissəsidir”.
A.Səfixanlı vurğulayıb ki, ayrı-seçkilik halları müsəlman qadınların əsas hüquq və azadlıqlarını, o cümlədən təhsil hüququnu pozur:
“İslamofobiya Fransa dövlətinin siyasətidir. Müsəlman qadınların fundamental hüquqları pozulur, həm din, həm də cinsiyyət zəminində ayrı-seçkilik edilir. Bəzi Avropa ölkələri istənilən formada dini dözümsüzlük və gender bərabərsizliyinə qarşı qətiyyətli mövqe tutmalıdır”.
Aparat rəhbəri bildirib ki, cəmiyyətin diqqətini milli məsələlərdən yayındırmaq üçün Fransada müsəlmanlar tez-tez dünyəviliyə təhlükə olaraq siyasi mübahisələrin subyektinə çevrilirlər:
“Fransada hicabın qadağan edilməsi müsəlman qadınların təhsil və iş kimi əsas institutlara çıxışını qadağan edir. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan bu cür qanunsuz əməllər Fransada dövlət səviyyəsində dəstəklənir və gücləndirilir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu faktlara biganə qalmamalı və belə halların qarşısını almalıdırlar”.
O bildirib ki, müharibə cinayətlərindən ən çox müsəlman qadınlar əziyyət çəkir. Son onilliklərdə Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilmiş hərbi cinayətlər zamanı minlərlə azərbaycanlı müsəlman qadın öldürülüb və zorakılığa məruz qalıb:
“Azərbaycan qadınları müsəlman və türk olduqları üçün öldürülüb, zorakılığa məruz qalıblar. Bütün bu cinayətlər islamafobiya və türkofobiyanın bariz təzahürləridir. İnsan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb islamofobiyanın mövcudluğudur və belə halların qarşısının alınması üçün səylərimizi birləşdirməliyik”.