İslam ölkələrinin mediası Azərbaycana informasiya dəstəyi göstərməkdə davam edəcək (FOTO)

Ərəb ölkələrinin ölkəmizdə səfərdə olan bir qrup media
nümayəndəsi ilə AZƏRTAC-da görüş keçirilib

İslam ölkələrinin mediası Vətən müharibəsində Azərbaycanın
Zəfərinə, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan
torpaqlarında törətdiyi barbarlığa, hazırda həmin ərazilərin
bərpası istiqamətində başlanan genişmiqyaslı quruculuq işlərinin
işıqlandırılmasına xüsusi həssaslıqla yanaşır.

AzerTimes xəbər verir ki, Bu
fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə ərəb
ölkələrinin Azərbaycanda səfərdə olan bir qrup media nümayəndəsinin
görüşündə səsləndirilib.

AZƏRTAC-ın ərəb ölkələrinin bir çox media qurumları ilə sıx
əməkdaşlıq etdiyini deyən Aslan Aslanov bildirib ki, müharibə
günlərində onlar Azərbaycanın haqq işi barədə obyektiv məlumatlar
yayaraq geniş informasiya dəstəyi göstəriblər. “Prezident, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən
müharibəsində böyük Qələbə qazandı. O dövrdə informasiya sahəsində
də ciddi işlər görülürdü. AZƏRTAC məhz tərəfdaş agentliklərin və
media qurumlarının dəstəyi ilə müharibə və erməni işğalçılarının
barbarlığı barədə obyektiv məlumatları dünyaya çatdırırdı.
Agentliyimiz İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər
Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının üzvü olaraq bu
təşkilatda birləşən bir çox KİV ilə yaxından əməkdaşlıq edir”, –
deyə o bildirib. Qeyd olunub ki, AZƏRTAC ilə UNA həm ikitərəfli
münasibətlərin genişləndirilməsi, həm də təşkilatın fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində fəal məsləhətləşmələr aparır.

“Azərbaycanın Vətən müharibəsində Qələbəsi bizi də çox
sevindirir”, – deyən iraqlı professor Mutəzz Muhy Əbdülhəmid
diqqətə çatdırıb ki, Qarabağ məsələsinin işıqlandırılması üçün İraq
mətbuatında çoxsaylı məqalələrlə çıxış edib və həmin mövzuda bir
neçə kitabı dərc olunub. O, Azərbaycanın işğaldan azad olunmuş
ərazilərinə səfər etdiyini, orada Ermənistan tərəfindən törədilən
dağıntıların miqyasından dəhşətə gəldiyini, hazırda bu yerlərə
həyatın yenidən qayıtmağa başlamasının onu çox sevindirdiyini və
bütün bunları qələmə alacağını bildirib.

Misirin “əl-Diplomasi” elektron qəzetinin baş redaktoru Əşrəf
Əbu Arafə artıq bir neçə ildir AZƏRTAC ilə əməkdaşlıq etdiklərini
vurğulayaraq deyib: “Həm müharibədən əvvəl, həm də müharibə
dövründə məlumatları AZƏRTAC-dan alırdıq. Agentliyiniz bu xəbərləri
operativ şəkildə dünyaya çatdırırdı”.

UNA-nın xarici əlaqələr və strateji inkişaf üzrə direktoru Yunus
İnayət AZƏRTAC-ı etibarlı tərəfdaş adlandıraraq bundan sonra da
Azərbaycana informasiya dəstəyi göstərəcəklərini qeyd edib.
Təşkilatın təkmilləşdirilməsi üçün qarşıda duran hədəflərdən
danışan Yunus İnayət bununla əlaqədar AZƏRTAC ilə ətraflı fikir
mübadiləsi aparmaq niyyətində olduqlarını deyib.

Mərakeşin MAP informasiya agentliyinin əməkdaşı Xalid əl-Hərrak
işğaldan azad edilən ərazilərə səfər zamanı gördüklərindən danışıb,
Azərbaycanın bu Qələbəsinin doğurduğu sevinc hisslərini dilə
gətirib. O, dost agentliklər arasında əlaqələrin genişləndirilməsi
istiqamətində birgə fəaliyyətin önəmli olduğunu vurğulayaraq qeyd
edib ki, Dünya Xəbər Agentlikləri Şurasının üzvü olan AZƏRTAC VII
Dünya Xəbər Agentlikləri Konqresinin Mərakeşdə keçirilməsinə dəstək
verən agentliklərdən biridir.

Görüşdə Ermənistanın Qarabağdakı İslam abidələrinə qarşı
barbarlığından danışılıb, həmçinin informasiya sahəsində birgə
layihələr, tərəfdaşlıq müqavilələri əsasında əlaqələrin
genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: