Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 mart
2020-ci il tarixdə altıncı çağrış Azərbaycan Respublikası Milli
Məclisinin ilk iclasındakı çıxışında bir çox mühüm məsələlər barədə
öz fikirlərini bildirmiş və tövsiyələrini vermişdir. Cənab
Prezident qeyd etmişdir ki, növbədənkənar seçkilərin keçirilməsinin
əsas səbəbi islahatları dərinləşdirmək və vaxt itirmədən yeni
tərkibdə Milli Məclisin işini təşkil etməkdir.
Cənab Prezident bildirmişdir ki, ölkəmizdə bütün sahələri əhatə
edən islahatlar qanunvericilik sahəsini də əhatə edəcəkdir.
Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün
Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda
çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Yeni
tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan
verəcəkdir. Cənab Prezident deputatlar qarşısında, ilk növbədə,
qanunvericilik sahəsində böyük vəzifələrin durduğunu bildirərək
qeyd etmişdir ki, parlamentin əsas işi qanunvericilikdir. Cənab
Prezident tövsiyə etmişdir ki, qanunvericilik sahəsində nəinki
kəmiyyətə, daha çox keyfiyyətə fikir verilməlidir. Mövcud olan
qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək
lazımdır. Ən mühüm məsələlərdən biri də qəbul edilmiş qanuların
icra edilməsinə nəzarətdir. Bir çox keyfiyyətli qanunlar qəbul
edilir, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Bu
sahədə deputatların üzərinə də məsuliyyət düşür.
Qeyd etmək lazımdır ki, keçən iki il ərzində Milli Məclis
tərəfindən cənab Prezidentin tövsiyələri nəzərə alınaraq ölkədə
aparılan geniş islahatların bir hissəsi kimi qanunvericilik
sahəsində xeyli işlər görülmüşdür.
Dəyişən reallıqları nəzərə alaraq yeni mütərəqqi məzmunlu
qanunların hazırlanması və mövcud qanunların təkmilləşdirilməsi
üzrə işlər aparılır. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması
məqsədi ilə ölkədə minumum əmək haqqının, minimum pensiyaların,
əmək pensiyalarının artırılması məqsədi ilə müvafiq qanunlar qəbul
edilmişdir. Eyni zamanda, “Məşğullluq haqqında”, “İşsizlikdən
sığorta haqqında”, “Ünvanlı dövlət sosaial yardımı haqqında”,
“Sosial müavinətlər haqqında”, “Uşaq hüquqları haqqında” və bu
sahəyə aid olan digər Azərbaycan Respublikası Qanunlarına
dəyişiklik edilməsi barədə qanunlar qəbul edilmişdir.
27 sentyabr 2020-ci il tarixdə başlayan, 44 gün davam edən Vətən
müharibəsində tarixi qələbədən sonra “Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və
digər qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə qanunlar
qəbul edilmişdir. Şuşa şəhərinin Azərbaycan mədəniyyətində,
mənəviyyatında və tarixində tutduğu xüsusi yerə görə “Azərbaycanın
mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və
Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin
asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi,
vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlavə
tədbirlərin görülməsini təmin etmək məqsədi ilə “Gənclər siyasəti
haqqında”, “Bədən tərbiyəsi və idman haqqında “ Azərbaycan
Respublikası qanunlarında dəyişiklik edilməsi barədə qanunlar qəbul
edilmişdir.
Azərbaycan respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində
şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfər
sübut etdi ki, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən genişmiqyaslı, hərtərəfli, o cümlədən, qanunvericilik
sahəsini də əhatə edən islahatlar öz nəticəsini verdi və bundan
sonra da davam edən islahatlar Azərbaycanı daha böyük uğurlara
aparacaq.
Rauf Əliyev,
Milli Məclisin deputatı