İşğaldan azad edilmiş ərazilərdəki yol layihələrinə baxış keçirilib

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə keçirilən və bu ilin birinci rübünün
yekunlarına həsr olunan müşavirədə dövlət başçısı Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturu
layihələrinin icra vəziyyəti ilə bağlı geniş nitq söyləyib.

Prezident İlham Əliyevin müşavirədəki çıxışından irəli gələn
tapşırıqların icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov
işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu
layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədi ilə
Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında
olub.

Agentlikdən AzerTimes-a bildirilib ki, səfər çərçivəsində Agentliyin
İdarə Heyətinin sədri Saleh Məmmədov Toğanalı-Kəlbəcər-İstisu
avtomobil yolunun tikinisi və yol üzərində inşa olunan dünyanın ən
uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış
keçirib.

Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq
yatağının, suötürücü boruların və kanalların tikintisi aparılır.
Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə
hər bir istiqaməti üzrə 1 km-dən artıq qazma işləri icra olunub, 2
ehtiyyat keçidinin tikintisi yekunlaşıb.

Daha sonra İdarə Heyətinin sədri 72.3 km uzunluğunda olacaq
Kəlbəcər-Laçın avtomobil yolunda həyata keçirilən mobilizasiya və
torpaq işlərinin icrası ilə tanış olub.

Səfər zamanı Saleh Məmmədov bu il istismara verilməsi nəzərdə
tutulan və Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun
tikintisinin gedişatı ilə də maraqlanıb. Hazırda yolun
layihələndirilməsi ilə paralel olaraq, torpaq yatağının və 1
avtomobil körpüsünün inşası davam etdirilir.

Laçın rayonu ərazisində baxış keçirilən növbəti mühüm yol
infrastrukturu layihəsi Xudafərin-Qubadlı-Laçın avtomobil yoludur.
Qubadlı-Laçın istiqamətində 45 km-lik, Xanlıq istiqamətində isə 14
km-lik hissədə torpaq yatağının, körpülərin tikintisi və
asfaltlanma işləri icra olunur.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur
dəhlizi) da tikintisi sürətlə davam etdirilir. Layihənin icra
vəzityyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin
sədrinə məlumat verildi ki, yol boyu torpaq yatağının, boru və
keçidlərin, tunel və körpülərin tikintisi tərtib olunmuş qrafikə
uyğun şəkildə yüksək səviyyədə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol
infrastrukturu layihələrinin vaxtında və keyfiyyətlə yerinə
yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyyə və tapşırıqlarını
verib.

Teqlər: