İrəvanın Kremlə qarşı yeni planı: Rusiya nə cavab verəcək?

İrəvanın Kremlə qarşı yeni planı: Rusiya nə cavab verəcək?

Ermənistan hökuməti Rusiyanın təsirindən qurtulmanın planını sürətlə həyata keçirməyə başlayıb. Böyük ehtimalla bu planın hazılanmasında Brüssel, Paris və Vaşinqton iştirak edib. Bu üçlük Ermənistanı Rusiyadan qoparmağa çalışır. Plana görə, ilk növbədə Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots hava limanını tərki tələb edilməlidir. İrəvan müvafiq məktubu artıq Moskvaya göndərib.

AzerTimes xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.

Qeyd edilib ki, ikinci addım kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini donduran Ermənistan qurumu tərk edəcək:

“Üçüncü addım Ermənistanın Gürcüstan, Ukrayna və Moldova kimi AB-yə üzvlük statusunun verilməsiylə bağlı Brüsselə müraciəti olacaq.

Kreml bu plana qarşı öz planını ya hazırlayıb, ya da bitirmək mərhələsindədir. Misal üçün Kreml Ermənistan hökumətinin “Rusiya sərhədçiləri Zvartnots hava limanını tərk etsin” məktubuna hansısa formada cavab verməlidir. Kreml Rusiya sərhədçilərini hava limanından çıxarmamaq üçün Ermənistanın keçmiş hakimiyyəti ilə 1992-ci ildə imzaladığı sazişə istinad edəcək. Həmin sazişə görə, Rusiya Ermənistanın Türkiyə ilə 345 kilometr, İranla 45 kilometr uzunluğundakı sərhəddini qoruyur. Eyni sazişə görə, Rusiya sərhədçiləri Ermənistan sərhədçiləri ilə birgə Zvartnos hava limamında da qulluq edirlər. Baş nazir Nikol Paşinyan 2018-ci ildə verdiyi açıqlama bildirmişdi ki, Ermənistan Türkiyə sərhəddinin qorunması məsələsində Rusiya sərhədçilərinin xitmətindən imtina etməyəcək. Paşinyan bunun səbəbini də açıq etiraf etmişdi: “Türkiyə ilə sərhəd uzun olduğuna görə sərhədə təkbaşına nəzarət Ermənistana böyük yük olar”. Ermənistan rəsmiləri Rusiya sərhədçilərinin Türkiyə və İranla sərhədi tərk etməsi barədə indi də açıqlama vermirlər. Onlar rusiyalı sərhədçilərin yalnız hava limanını tərk etməsini istəyirlər. Kreml bunun yarımçıq qərar olmasına işarə edəcək. İrəvan Rusiya sərhədçilərinin Ermənistandan tam çıxarılmasını tələb etməyərək, yalnız hava limanını tərk etməsini istəyirsə, Kreml məsələyə müsbət yanaşmaya da bilər. Çünki 1992-ci il sazişi Rusiya sərhədçilərinin Ermənistanda xidmət edəcəyi məntəqələrin tamamını müəyyənləşdirib”.

Analizdə vurğulanıb ki, Ermənistan KTMT-ni tərk etməyə hazırlaşarkən boşluğu Avropa Birliyi hesabına dolduracağına ümid edir:

“Buna sübut kimi Ermənistanın müdafiə naziri Suren Papikyanın AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə ünvanladığı məktubu göstərmək olar. Papikyan məktubda Avropa Sülh Fondu vasitəsilə “logistika və hərbi tibb sahəsində” Brüsseldən yardım istəyib. Avropa Sülh Fondu hazırda Ukraynaya yardım edir və Kiyev göndərilən yardımın həcmindən məmnun deyil. Bu baxımdan Avropa Sülh Fondunun daha uzaq Ermənistana necə yardım edəcəyi və bu hərbi yardımla bağlı AB-nin bütün üzvləri arasında konsensus əldə edəcə biləcəyi sual altındadır”.

Teqlər: