İrəvandan Zaxarovaya: Bakının ağzı ilə danışırsan!

İrəvandan Zaxarovaya: Bakının ağzı ilə danışırsan!

15 iyun hadisəsi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin qeyd etdiyi kimi, Laçın dəhlizində deyil, Ermənistan Respublikasının suveren ərazisində – Həkəri körpüsünün Ermənistan tərəfində baş verib.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan XİN mətbuat katibi Ani Badalyan Rusiya XİN sözçüsü Mariya Zaxarovanın 15 iyunda “Laçın” postunda Azərbaycan sərhədçiləri ilə birgə rus sülhməramlıların da atəşə tutulması ilə bağlı şərhinə cavabında deyib.

“Rusiya tərəfinin şərhində açıq-aşkar ziddiyyət var. Əgər Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiya olunmaması səbəbindən sərhəd xəttinin haradan keçdiyini dəqiq söyləmək mümkün deyilsə və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin iddia etdiyi kimi, bu, davam edən problemlərin səbəbidirsə, o zaman sual yaranır: iyunun 15-də Ermənistanla Azərbaycan sərhədinin bu hissəsində, körpünün bu tərəfində hansı əsasla və hansı prinsiplə Azərbaycan bayrağı asılmışdı?” – Badalyan bildirib.

O qeyd edib ki, Zaxarovanın sözləri Azərbaycanın sözləri ilə eynidir, çünki “Azərbaycan Ermənistan ərazisinə təcavüz edərkən, vaxtaşırı olaraq bu sözləri (demarkasiyanın olmadığını – red.) təkrarlayır”.

“Həm məqsəd, həm də həyata keçirilmə yeri açıq-aydın sülhməramlıların funksiya və vəzifələrinin bir hissəsi deyildisə, Rusiya sülhməramlılarının Azərbaycanın bu əməliyyatında niyə iştirak etdiyi aydın deyil. Xatırladaq ki, Rusiya sülhməramlılarının bu bölgədəki yeganə funksiyası 5 kilometrlik Laçın dəhlizinə nəzarət etməkdir”, – Badalyan qeyd edib.

Xatırladaq ki, Azərbaycan sərhədçiləri “Laçın” sərhəd-keçid məntəqəsinin girişində, erməni tərəfinin çəkdiyi asfaltın qurtaracağından sonra başlayan bir neçə metrlik asfaltsız yoldan (neytral ərazidən) postumuza tərəf, Azərbaycanın sərhədinin girişində bayrağımızı qaldırarkən təxribata əl atmış, bir sərhədçimizi yaralamışdı. Daha sonra rus sülhməramlıların iştirakı ilə yenidən bayrağımız qaldırarkən, ermənilər rus sülhməramlıları da atəşə tutmuşdular.

Hətta deyildiyi kimi, ərazi mübahisələndirilsə belə, bu, rus sülhməramlılara atəş açmağa səbəb olmamalıdır. Rus sülhməramlılara atəş açmaq açıq-aşkar 10 noyabr 2020-ci il bəyanatını pozma, Kremlə meydan oxumadır.

Xatırladaq ki, “müstəqil” Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri qoruyur, ərazisində isə Rusiyanın çoxminlik bazaları mövcuddur.

Teqlər: