İrəvandan növbəti həyasız açıqlama: Sülh, Qarabağsız…

İrəvandan növbəti həyasız açıqlama: Sülh, Qarabağsız…

Ermənistan Qarabağın yekun statusu olmadan Azərbaycanla sülh sazişi bağlamağı istisna etmir.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Belə bir fikir var, lakin indiki mərhələdə hər hansı belə bir sənəddən danışmaq tezdir”, – o bildirib.

Qriqoryanın sözlərinə görə, Sülh gündəminin və yol xəritəsinin kulminasiya nöqtəsi məhz Bakı ilə sülh müqaviləsinin imzalanmasıdır. O xatırladıb ki, Ermənistan Azərbaycanın təklif etdiyi münasibətlərin normallaşdırılmasına dair beş bəndlik sənədi məqbul hesab edir.

Təhlükəsizlik Şurasının katibi Ermənistanın “ölkə qanunvericiliyi əsasında” Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlayıb:

“Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan 1991-ci ildə imzalanmış və sonradan ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişlə bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Bu gün bu, həm Ermənistanın, həm də Azərbaycanın qanunvericiliyinin bir hissəsidir. Bu, ikitərəfli səviyyədə də öz əksini tapmalıdır”.

O bildirib ki, bu kontekstdə Ermənistanın Azərbaycana ərazi iddiası yoxdur:

“Qarabağ problemi Ermənistan üçün ərazi məsələsi deyil, Qarabağ ərazisində yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları prinsipial əhəmiyyət kəsb edir.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışlarının birində qeyd edib ki, Dağlıq Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyası var. İndi biz bu variantı fəal şəkildə müzakirə etməli və necə irəliləyəcəyimizə qərar verməliyik”.

Qriqoryan vurğulayıb ki, Rusiya sülhməramlılarının mövcudluğu Qarabağ ermənilərinin təhlükəsizliyinin beynəlxalq təminatıdır. O qeyd edib ki, hazırda bu təminatın daha da gücləndirilməsi üzərində işləmək lazımdır, lakin mühüm ideya Dağlıq Qarabağ probleminin demilitarizasiyasıdır.

Qeyd edək ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hər zaman Azərbaycan ərazisi olub. 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistanın hazırkı rəhbərliyi 1992-ci ildə keçmiş Dağlıq Qarabağ ərazisində bütövlükdə azərbaycanlıların yaşadığı Şuşa şəhəri və Şuşa rayonunun 31 kəndini, eyni zamanda Laçın rayonunu, daha sonra isə Ağdərəni işğal edib. Azərbaycanın ərazi bütövlüyünü “tanıyan” Ermənistan 1992-93-cü illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmayan 7 rayonu da işğal edib və bu əraziləri 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan da heç bir halda geri qaytarmaq istəmirdi.

Ermənistanın hazırkı “demokratik” hakimiyyəti hətta 2019-cu ildə “Yeni müharibə və yeni ərazilər” şüarını irəli sürərək, Azərbaycanın digər ərazilərini də işğal etmək üçün açıq kampaniyaya və 2020-ci ilin iyulunda Tovuz istiqamətində böyük təxribata cəhd göstərdilər. Həmin zaman nədənsə 1991-ci il “ərazi tanınması” paşinyan komandasının ağlına gəlmədi.

Hazırda 44 günlük müharibənin nəticəsi olaraq 10 noyabr 2020-ci il kapitulyasiyası ilə üzərinə götürdüyü öhdəlikdən yayınmaq istəyən Ermənistan müxtəlif saxta istinadlarla, Qarabağa iddiasını qoruyub saxlamaq üçün çalışır.

Qarabağ Azərbaycandır və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı, heç bir siyasi əxlaqsızlığa və oyunlara yol verməməlidir. Bundan kənar bütün hərəkət və addımlar, siyasi açıqlamalar 10 noyabr bəyanatının pozulması deməkdir.

Teqlər: