İrəvanda Ukrayna ssenarisi və ya Zəngəzur “davası”

İrəvanda Ukrayna ssenarisi və ya Zəngəzur “davası”

Nikol Paşinyan Azərbaycanla münasibətlərin həlli məsələsini Qərblə Rusiya arasında qarşıdurmaya çevirməyə cəhd edib, vaxt qazanmağa çalışır.

AzerTimes xəbər verir ki, bunu erməni politoloqu Stepan Danielyan deyib.

“Bu gün Qərb və Rusiya bütün dünyada təsir zonaları və mümkün kommunikasiyalara nəzarət uğrunda mübarizə aparır. Bu, Çinə də aiddir. Ermənistanda Qərbin təsirinin güclənməsi də faktdır. Qərb kifayət qədər savadlı hərəkət edir, yumşaq gücdən çox yaxşı istifadə edir, ictimai strukturlarla, media ilə işləyir və pul yatırır. Və təbii ki, müəyyən ictimai rəy formalaşdırıb”, – o bildirib.

Politoloqun fikrincə, Qərbin fəallığı fonunda Rusiyanın nə etdiyi tam aydın deyil:

“Ermənistanda “Ukrayna ssenarisi”nin təkrarlanması ilə bağlı qorxular kifayət qədər ağlabatandır. Burada Qərblə Şərq arasında Orta Asiyaya doğru gedəcək və böyük vəsaitlər yatırılacaq kommunikasiyalar uğrunda mübarizə gedir. Geosiyasi baxımdan bu mübarizə Ukraynadakı qarşıdurmadan da önəmlidir. Və isti bir fazaya çevrilə bilər. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin Qərb və Rusiya variantlarına gəlincə, söhbət təkcə fikir ayrılıqlarından yox, tamhüquqlu münaqişədən gedir. Bir neçə bəndlik fərq qlobal əhəmiyyət kəsb edə bilər. Rusiya böyük geosiyasi nəticələrlə Cənubi Qafqazdan sıxışdırıla bilər. Bu, təkcə Orta Asiyaya deyil, həm də Şimali Qafqaza aiddir”.

Qarşıdan gələn Əliyev-Putin-Paşinyan görüşünün mövzusuna toxunan Danielyan qeyd edib ki, proqnoz vermək çətindir:

“Qərbin və Rusiyanın mövqeləri sərtləşir, hansısa sənədin imzalanacağı, Ermənistan Baş naziri və Azərbaycan Prezidentinin buna razı olub-olmayacağı bəlli deyil. Zəngəzur dəhlizi məsələsi və ardınca Rusiyanın kommunikasiyalara nəzarəti Kremlin nizamlama planında erməni tərəfi üçün büdrəmə ola bilər. Bu səbəbdən də Paşinyan sənədi imzalamamaqla zamanla oynamağa çalışır. Qərb variantı da baş nazirə yaramır, ona görə ki, imzalanacağı təqdirdə erməni əhalisi qaçılmaz olaraq Qarabağı tərk edəcək. Zəngəzurdakı dəhliz məsələsi bu halda da aktivdir, yalnız bu dəfə – Qərbin və Türkiyənin nəzarətindədir. Görünür, Ermənistan hakimiyyəti ABŞ seçkisinin nəticələrini (noyabrın 8-də Senat seçkisi keçiriləcək – red.) və siyasətdə mümkün dəyişikliyi gözləyir. Eyni zamanda, Ukraynada vəziyyətin necə inkişaf etdiyini, mümkün iqtisadi böhran və AB-də siyasətin dəyişməsini və s. müşahidə edir. Elə bir dövrdə yaşayırıq ki, bir, iki və ya üç ay ərzində sözün əsl mənasında istənilən köklü dəyişiklikləri gözləmək olar”.

Teqlər: