Rusiyalı müharibə əleyhdarı olan aktivist Nikita Kamenski hazırda Ermənistanı tərk edib və təhlükəsizlikdədir.
AzerTimes xəbər verir ki, bu barədə Kamenski özü SOTA və “OVD-İnfo” nəşrlərinə açıqlamasında deyib.
Kamenski Ermənistanı tərk etməyə Azad Rusiya Fondunun (Free Russia Foundation) regional direktoru Yeqor Kuroptevin kömək etdiyini bildirib, lakin dəqiq harada olduğunu açıqlamayıb.
Qeyd edək ki, müharibə əleyhdarı olduğuna və müharibəyə qarşı Moskva küçələrində şüarlar yazdığına görə ona qarşı ittiham elan olunub. Rusiya Kamenskini axtarışa verib, 28 fevralda isə o, İrəvan aeroportunda saxlanılıb.
17 aprelə qədər İrəvanda nəzarət altında olan Kamenskini Rusiya ekstradisiya etməyə çalışıb. Buna baxmayaraq, Ermənistan onu azad edib.