İrəvan Rusiyanı abırsızcasına təhqir etdi – Korotçenko

İrəvan Rusiyanı abırsızcasına təhqir etdi – Korotçenko

Böyük gözləntilər var idi ki, 2022-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Lakin Ermənistan rəhbərliyi qarşıdurma modelini seçərək, Azərbaycan tərəfinə qarşı həm siyasi, həm də hərbi miqyasda genişmiqyaslı təxribatlar taktikasına əl atıb.

AzerTimes xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku”ya geniş müsahibəsində deyib.

Ekspertin fikrincə, İrəvan son həftələr sözün əsl mənasında neqativ addımlar atıb:

“Ona görə də Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin nizamlanması bu il yalnız ümid olaraq qaldı. Aydındır ki, bu, şüurlu siyasətdir və həm də onunla səciyyələnir ki, il ərzində Ermənistan nizamlamadakı vəziyyətə xarici oyunçuları fəal şəkildə cəlb etməyə çalışıb. İrəvan Fransanı, ABŞ-ı, can vermiş ATƏT-in Minsk qrupunu, ümumilikdə Qərb ölkələrini, AB-ni, həmçinin beynəlxalq erməni diasporunu prosesə cəlb etməyə və onların təsirini tətbiq etməyə çalışıb. Son hadisələr 2023-cü il üçün də nikbinlik vermir.

Bu siyasət Ermənistan tərəfindən müxtəlif növ silahlı təxribatların kəskin artması ilə müşayiət olunub. Bütün bunlar vəziyyəti ciddi şəkildə pozub. Bura Ararat Mirzoyanın Lavrovun vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri ilə görüş üçün Moskvaya getməkdən imtina etdiyi son hadisələr də daxildir. Üstəlik, o, bunu tamamilə abırsız şəkildə edib və bu, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müvafiq reaksiyasına səbəb olub”.

O bildirib ki, əslində bu, sadəcə demarş deyil, Ermənistanın Rusiyaya qarşı hörmətsizliyinin ictimai göstəricisidir:

“Ararat Mirzoyanın gəlib danışıqlarda iştirakına, imkan daxilində müəyyən kompromislər axtarmasına heç nə mane olmurdur. Bu cür davranış Moskva ilə İrəvan arasında mehriban qonşuluq münasibətləri, əməkdaşlıq prinsiplərinə uyğun gəlmir. Ermənistan Rusiyaya “dişlərini” göstərir və açıq şəkildə qapını Kremlin üzünə çırpmaq istəyir. Nikol Paşinyanın Rusiya sülhməramlı kontingentinə qarşı yolverilməz tonda çıxışı Kremli və Rusiya XİN rəsmi nümayəndələrini sərt cavab verməyə məcbur etdi. Bütün bunlar atmosferə və sülh yolu ilə nizamlanma imkanlarına son dərəcə mənfi təsir göstərdi. Açığı, İrəvan bilərəkdən belə bir davranış taktikası seçdi. Amma neqativdən başqa, bu heç kimə, o cümlədən Ermənistanın özünə heç nə gətirməyəcək”.

Teqlər: