Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın Şuşaya görə Ermənistanda həbsi emənilərin 30 illik “Dağlıq Qarabağ müstəqildir”, “biz onların işinə qarışmırıq”, “Qarabağ ordusu” kimi nağıllarına da son qoydu. Əgər İrəvan “Dağlıq Qarabağı müstəqil” sayırdısa, başqa “dövlət”in “müdafiə naziri”nin bölgə içərisindəki şəhərin müdafiəsini düzgün təşkil edilmədiyinə görə Ermənistanda niyə həbs ediblər?
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu M.Arzumanyanın həbsi ilə bağlı qeyd edib.
“Ermənilərin “Dağlıq Qarabağ müstəqildir” məntiqinə görə Şuşanı işğalda saxlaya bilmədəyi üçün onu elə Xankəndidə həbs etməliydilər. Ancaq Xankəndidə ona toxunan olmayıb, “vəzifəsini” icra edib. Arzumanyanın İrəvanda həbsi bir daha göstərdi ki, Qarabağdakı separatçılar hər zaman Ermənistandan idarə olunub və indi də idarə olunur, torpaqlarımız da Ermənistan ordusunun işğalı altında idi. Sadəcə, başqa sual aktualdır: Ermənistan hakimiyyəti müharibənin özləri üçün ən ağır günlərində Şuşanın işğalını nə əcəb yerli separatçıya tapşırıblar?” – politoloq bildirib.