İrəvan Bakını böyük bir müharibəyə çəkir – Ağar

İrəvan Bakını böyük bir müharibəyə çəkir – Ağar

Ermənistanın və Qarabağdakı separatçıların Ağdam-Xankəndi yolu ilə Qızıl Xaç Komitəsinin yardımını qəbul etməsi, ancaq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardımından imtina məsələdən necə sui-istifadə edildiyini göstərir. Əgər həqiqətən Qarabağda qıtlıq yaşanırsa, tam əksi olmalıdır. Görünən odur ki, Ermənistan bölgədəki ermənilərdən istifadə etmək və bu həssas məsələnin istismarı yolu ilə özü üçün strategiya, siyasət hazırlamağa çalışır. Bu baxımdan dünyanın “blokada”dan danışan güclərinin nöqteyi-nəzərindən Ermənistanın etdiyi insanlıq əleyhinə cinayət kimi dəyərləndirilməlidir.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ağar Azərbaycanın heç bir təzyiq qarşısında baş əyməyəcəyini və qalib gələcəyini vurğulayıb:

“Rəsmi İrəvan son fəaliyyətləri ilə Azərbaycanın suveren haqları məsələsində çatların olmasına çalışır. Digər tərəfdən rəsmi Bakının iradəsini, qətiyyətini görüb onu ləngitməyə cəhd edir. Azərbaycan Ağdam-Xankəndi yolunun açılması ilə Qarabağdakı erməni vətəndaşlarının hüquqlarını qoruduğunu bir daha sübut etdi. Ermənistan və arxasında duranlar etdiklərinin mənasını yaxşı bilirlər. Azərbaycanın haqlı olduğuna əmindirlər, ancaq belə yolla özlərini pərdələyərək məsələni ört-basdırla öz xeyirlərinə bitirmək və yaxın gələcəkdə Bakının ata biləcəyi addımların təsirini azaltmaq, ya da heçə endirmək istəyirlər. Ancaq Azərbaycanın əsas hərəkət düsturu müstəqillik, suverenlik və ərazi bütövlüyüdür. Yəni dövlət iradəsi Qarabağda da təcəlla etməlidir.

Azərbaycan da heç bir şərt, təzyiq və s. altında bundan geri addım atmayacaq”.

Ekspert vurğulayıb ki, Ağdam-Xankəndi yolunun açılması son dərəcə əhəmiyyətli həmlədir:

“Eyni zamanda Rusiyanın bu yoldan istifadəsi Ermənistana verilən önəmli mesajdır. Ermənistan və separatçılar, eyni zamanda onların arxasındakıların bunun fərqində olub-olmadığını dəqiq deyə bilmərəm, ancaq öz pozucu əməlləri ilə Azərbaycanı böyük bir müharibəyə təşviq edirlər. Qarabağda keçirilən uydurma “seçki”, hərbiləşdirmə, silah-sursat tədarükü, “milis” təşkilatı və s. yollarla oradakı əhalini qorxunc şəkildə istismar mənbəyinə çevirirlər. Ermənistan bütün bunlarla Qarabağdakı ermənilərə xəyanət edir, onların gələcəyini oğurlayır. Son nəticə olaraq isə bildirmək istəyirəm ki, haqlı qələbələr ölkələri, dövlətləri, xalqları böyüdür. Ona görə də Azərbaycanın 44 günlük müharibədə qazandığı Şanlı Qələbə ilə böyüyəcəyini, möhkəmlənəcəyini, güclənəcəyini bilirlər və bunu əngəlləmək üçün hər şeyi edirlər. Ancaq məğlub olmaqdan yaxalarını qurtara bilməyəcəklər”.

Teqlər: