Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İraqın ölkəmizdəki konsulu – Mədəniyyət işləri üzrə məsul şəxs Hudayfa Zead Mahmudla görüşüb.
AzerTimes xəbər verir ki, konsulu rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor ADU-da ərəb dili dərslərinin uğurla keçirildiyini bildirib. Qeyd olunub ki, universitetdə 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi mövcuddur, həmin mərkəzlər öz ölkələrinin dilinin, tarixinin və mədəniyyətinin öyrənilməsində mühüm rol oynayır.
K.Abdulla daha sonra qonağı “Səfir saatı” layihəsində iştirak üçün tələbələrlə görüşə dəvət edib, ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılacağına ümidvar olduğunu diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən diplomat fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan Respublikası və İraq Respublikası arasında diplomatik əlaqələrdən danışarkən hər iki ölkənin əlaqələrinin tarixən qədim, etnik və mədəniyyət cəhətdən yaxın olduğunu bildirib.