İran-Azərbaycan sərhədini keçməyə cəhd göstərən narkotik
qaçaqmalçıları sərhədçilərə atəşə açıb, sərhəd pozucularından biri,
İran vətəndaşı zərərsizləşdirilib.
Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə, 4 aprel
tarixində saat 20:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun
Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti
ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman
oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən
6 nəfər silahlı naməlum şəxsin İran İslam Respublikasından
Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları
müşahidə olunmuşdur.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti
ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri
verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq
atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış,
sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin
həyatına qəsdə cəhd etmişlər.
Sərhəd naryadı yaranmış vəziyyətdə yüksək sayıqlıq və şücaət
nümayiş etdirmiş, “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd
pozucularından birini zərərsizləşdirmişdir. Digər 5 nəfər ərazinin
sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən
uzaqlaşmağa müvəffəq olmuşlar.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran İslam
Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Behnam Balai olması
müəyyənləşdirilmiş, onun yanında AKM tipli Kalaşnikov avtomatı, 3
ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik
vasitə aşkar olunmuşdur.
Hadisə yerindən uzaqlaşmış digər sərhəd pozucularının
saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə
xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər
nəticəsində sərhəd pozucularından biri – İİR vətəndaşı Məhəmməd
Zarehi Tağı sərhədboyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə
aşkarlanaraq saxlanılmış, digər sərhəd pozucularının yerlərinin
müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış
tədbirləri həyata keçirilir.
Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran
tərəfi məlumatlandırılmışdır.
Fakt üzrə cinayət işi başlanılmış, hazırda DSX və Baş
Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq
tədbirləri davam etdirilir.