Xəbər - Elçin Mehdiyev – Trend:
Son günlər İran-Azərbaycan münasibətlərində nəzərə çarpan pozitiv məqamlar, o cümlədən rəsmi Tehranın ölkənin beynəlxalq nəqliyyat şirkətlərinə, Azərbaycanın hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərinə qanunsuz yük daşınmalarının yolverilməziliyi barədə müraciəti dövlətimizin haqlı tərəf olduğunu bir daha sübuta yetirdi.
Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, eyni zamanda Azərbaycanın dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn təməl prinsiplərini əsas götürdüyünü, bu xüsusda öz ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suveren hüquqları ilə bağlı məsələlərdə heç bir ölkəyə, yaxud beynəlxalq təsisata güzəştə getməyəcəyini, milli maraqlarını sonunadək qoruyacağını nümayiş etdirdi: “Azərbaycan istər ərazilərinin Ermənistanın işğalı altında oduğu dönəmdə, istər əarzi bütövlüyümüzün bərpası uğrunda döyüş əməliyyatlarının getdiyi dövrdə, istərsə də Müzəffər Ordumuzun təcavüzkar üzərindəki qələbəsindən sonra İran iş adamlarının etnik ermənilərin yaşadığı yaşayış məntəqələrindəki qanunsuz fəaliyyətlərinə son qoyulmasını tələb etmiş, yaxın qonşuluq münasibətlərinin üzərinə kölgə salınmaması üçün rəsmi Tehrana diplomatik yollarla mesajlar göndərmiş və nota vermişdi.
Bütün bunlar uzun illər ərzində heç bir nəticə vermədiyinə, İranın Azərbaycanın haqlı tələbləri qarşında konkret əməli addımlar atmadığına görə, ölkəmiz zəruri tədbirlər həyata keçirmək məcburiyyətində qaldı və qısa bir zaman ərzində sübuta yetirdi ki, heç Azərbaycan dövləti ilə diqtə və təzyiq dilində danışa bilməz. Çünki Azərbaycan dövlətinin prinsipial mövqeyi Azərbaycan xalqının sarsılmaz birliyinə və iradəsinə, hüququn aliliyinə, özünü Prezident İlham Əliyevin hər kəlməsində və addımında ifadə edən milli iradəmizə söykənir”.
E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın bir müddət ərzində dövlətimizin və xalqımızın iradəsini saysız-hesabsız təxribatlarla, təzyiqlərlə, böhtan və qarayaxma kampaniyaları ilə qıra bilməyənlər, Azərbaycan dövlətinin, xalqının 44 gün ərzində işğala son qoyduğunu, ədalətin bərqərar olması üçün bütün maneələri dəf etmək gücündə, iradəsində olduğunu nəzərə almalı, təcüvüzkarın darmadağın edilməsi ilə başa çatan müharibədən nəticə çıxarmalıydılar: “Anlmalıydılar ki, işğalçı və işğalın davam etməsində maraqlı olan qüvvələrin qarşısında geriyə çəkilməyən, öz haqqını qəhrəman əsgər və zabitlərinin qanı, canı bahasına, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının əzmi bahasına almağı bacaran bir dövləti öz haqlı mövqeyində nə hədələrlə, nə də hərbi təlimlərlə çəkindirmək olmaz. Azərbaycan bütün müstəvilərdə istənilən təzyiqə, basqıya, siyasi-ideoloji və harbi şantaja cavab vermək, öz prinsipial mövqeyini müdafiə etmək iqtidarındadır.
Yaranmış vəziyyət, dövlətimizə və xalqımıza uzun illərdən bəri bəlli olan bir sıra mühüm məqamların daha qabarıq şəkildə ortaya çıxmasına zəmin yaratdı ki, qənaətimə görə, ölkəmizə qarşı həyata keçirilən təxribat ssenarilərinin sıradan çıxarılması prosesində əldə etdiyimiz önəmli nəticələrdən biri də Azərbaycanın daxilindəki xəyanətkarların, satqınların xarici qüvvələrə beyət edənlərin fşa olunmaları və Azərbaycan xalqının qəzəbinə, lənətinə tuş gəlmələridir.
Şübhəsiz ki, Azərbaycan xalqının milli maraqlarını qurban verməyə, dövlətimizə, müstəqilliyimizə, Konstitusiya quruluşumuza düşmən kəsilən qüvvələrlə işbirliyinə getməyə hər an hazır olan, ayrı-ayrı xarici dairələrin nüfuz müvəkkili olmağı Vətən sevgisindən, vətəndaş təəssübkeşliyində üstün tutan şəxslər və qurumlar bundan sonra da heç bir güzəşt edilmədən ifşa olunmalı, ədalət məhkəməsi qarşısında dayanmalıdırlar.
Qeyd etmək istəyirəm ki, İran-Azərbaycan münasibətlərində nəzərə çarpan gərginlikdən istifadə etməyə çalışanlar, Azərbaycanın prinsipial, güzəştsiz mövqeyi nəticəsində iflasa uğradılar və əvvəlkindən daha ağır duruma düşdülər. Bu baxımdan, baş verənlərin Ermənistana da böyük zərbə olduğunu, mübaliğsiz olaraq deyə bilərik. Ermənistan üçüncü tərəflərin dəstəyi ilə Azərbaycan ərazilərinə müdaxilə etmək imkanından məhrum oldu və bu ölkənin bu müstəvidə atacağı bütün addımların perspektivinin üzərindən xətt çəkildi. Ermənistan cəmiyyəti də növbəti dəfə anladı ki, hər hansı bir üçüncü tərəfi rəsmi İrəvanın öz təxribatlarına şərik etmək cəhdləri daha ağır nəticələrə yol aça bilər”.