İranın Şəhriyar siyasəti azərbaycanlıları ayağa qaldırdı

İranın Şəhriyar siyasəti azərbaycanlıları ayağa qaldırdı

Məhəmmədhüseyn Şəhriyarın anım gününün “Fars dili və poeziyası günü” kimi qeyd ediləcəyi xəbəri azərbaycanlı mədəniyyət xadimlərinin, eləcə də mədəni fəalların etirazlarına yol açıb.

AzerTimes xəbər verir ki, bu barədə sosial mediada yazılar yazılıb, paylaşımlar edilib.

Güneyli mədəniyyət xadimləri Azərbaycan şairi Şəhriyarın ölüm gününün “Fars dili və poeziyası günü” kimi qeyd edilməsinə qarşı çıxıblar.

Onlar bu gün ilə bağlı Şərqi Azərbaycanda, xüsusən dünya azərbaycanlılarının mənəvi paytaxtı sayılan Təbrizdə fars dili və poeziyası günlərinin keçirilməsini azərbaycanlılara qarşı saymazlıq kimi dəyərləndiriblər.

“Bu, Pəhləvi dövründən başlayan və hazırkı hakimiyyətin davam etdirdiyi antiazərbaycan siyasətinin bariz nümunəsidir. Azərbaycan dili və kimliyinə qarşı hörmətsizliyin, azərbaycanlıları təhqirin son həddidir”, – paylaşımlarda qeyd edilib.

Narazı mədəniyyət xadimləri azərbaycanlılara çağırış edərək, bu gün heç bir tədbirə qatılmamağı, fars dilində paylaşım etməməyi və yazılar yazmamağı tövsiyə ediblər.

Onlar hakimiyyətin bu kimi əməllərinin azərbaycanlıları kütləvi etiraz aksiyalarına sövq etməyə xidmət etdiyini diqqətə çatdırıblar:

“2022-ci il sentyabr ayının 17-dən başlayan etiraz aksiyalarının ildönümündə Təbrizdə fars dili və poeziyası günlərinin keçirilməsi özünə hörmət edən hər bir azərbaycanlını başlaması gözlənilən ümumi etiraz aksiyalarına qoşulmağa təhrik edir. Hakimiyyətin bu sayaq hərəkətləri bu günə kimi dinc mədəni mübarizə üsuluna üstünlük verən azərbaycanlıları daha fərqli fəaliyyət metodlarına əl atmağa yönləndirir”.

Mədəni fəallar bu günün ləğv edilməsini tələb edib, bütün azərbaycanlılardan sentyabrın 18-də öz ana dillərində yazılar yazmağı, Şəhriyarın Azərbaycan dilində olan şeirlərini yaymalarını xahiş ediblər.

Qeyd edək ki, 18 sentyabr Məhəmməd Hüseyn Şəhriyarın anım günü münasibətilə Təbrizdə və Şərqi Azərbaycan əyalətinin bir neçə bölgəsində dövlətin himayəsi ilə fars dilinə həsr olunmuş 139 ədəbi-mədəni silsilə tədbirlərin keçiriləcəyi bildirib.

Teqlər: