İranın düşməni olan təşkilat Fransanı da qorxuya saldı

İranın düşməni olan təşkilat Fransanı da qorxuya saldı

Fransa Prezidenti Emmanuel Makronun İbrahim Rəisi ilə 2 saatlıq telefon danışığından sonra Xalq Mücahidlərinin qərargahına Albaniya polisi hücum etdi. İran rejiminin zəiflədiyini görən Fransa artıq iş başına keçib.

Bu sözləri AzerTimes-a Almaniyada yaşayan azərbaycanlı fəal Aslan Qarapapaq Xalq Mücahidlərinin qərargahına hücumun arxasında olan məqamlara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, rejim üçün ciddi təhlükə hesab olunan Xalq Mücahidlərinin fəaliyyəti, ola bilsin, Fransanı da narahat edir:

“Fransanın məqsədi bölgədə İranın mövqeyini gücləndirməkdir. Görünür, telefon danışığında da İran rejimi yıxılmasın və ayaqda dura bilsin deyə, belə bir razılıq əldə olunub. Xalq Mücahidləri Təşkilatı rejim üçün ciddi təhlükə hesab olunur. Hətta bir vaxtlar təşkilatın hazırkı rəhbəri xanım Məryəm Rəcavini Fransadan deport etmək istəyirdilər. Lakin Xalq Mücahidlərinin ciddi təpkisindən sonra məsələ dayandırıldı. Bəziləri canlarına qəsd edib, özlərini yandırmışdı. Ciddi xəsarət alanların arasında azərbaycanlılar da var idi. Xalq Mücahidləri molla rejiminin əsas rəqiblərindən sayılır. Əgər haradasa rejim tərəfdarlarından kimsə öldürülürsə, burada Xalq Mücahidlərinin izi olduğu güman edilir. Bu təşkilatda çoxlu türk olsa da, onlar İran daxilində mübarizə aparan kürd təşkilatı ilə işləməyə üstünlük verirlər. Bu yaxınlarda SEPAH və PJAK arasında toqquşma da oldu. Onlarla SEPAH üzvü ölmüşdü. Lakin bu barədə çox danışmadılar”.

Aslan Qarapapaq Xalq Mücahidləri Təşkilatında aktiv rol oynayan azərbaycanlılar haqqında da danışıb:

“Bu təşkilatın qurucuları Təbrizdən olan Musa Xiyabani, Məhəmməd Hamid Nicat azərbaycanlılardır. Aktiv üzvlərinin də yarı faizi məhz soydaşlarımızdır. Onlar Azərbaycan Milli Hərəkatına qoşulmaq istəmirlər. Çünki millətçi deyillər, nizamnamələrində federalizm və millətlərə azadlıq var. Dinin dövlətdən ayrılmasının tərəfdarıdırlar. Lakin Xalq Mücahidlərində təmsil olunan azərbaycanlıların iddiasına görə, Azərbaycan Milli Hərəkatı İran hökumətinin lehinə işlər görür. Onlar “Rus, fars, erməni, bunlar türkün düşməni” şüarını millətçi şüarlar kimi qəbul edirlər”.

O, Xalq Mücahidləri kimi təşkilatlarla əməkdaşlığın səmərəli olduğunu bildirib:

“Bizim birinci problemimiz dindar və şahçı azərbaycanlılardır. Bunlara baxanda, demək olar ki, Güney Azərbaycanda milli hərəkat zəifdir. Dəstəyi, demək olar ki, yoxdur. Əgər belə təşkilatlarla dil tapıb işləsək, nəyəsə nail ola bilərik”.

Teqlər: