İranın Azərbaycandakı səfiri “SƏS” Media Qrupunda olub (VİDEO)

İranın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Seyid
Abbas Musəvi “SƏS” Media Qrupunda olub.

Trend xəbər verir ki, səfir Seyid Abbas Musəvi və “SƏS” Media
Qrupun rəhbəri Bəhruz Quliyev keçirilən görüşdə Azərbaycan və İran
dövlətləri arasında olan dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafında medianın rolu mövzusunda müzakirələr aparıblar. Əvvəlcə
B.Quliyev media sahəsində mövcud problemlərin aradan qaldırılması
və qarşıda duran perspektivlər barədə məlumatlar verərək, onların
həlli istiqamətində təkliflər irəli sürüb.

Görüş zamanı səfir bildirib ki, media bütün dünyada əhəmiyyətli
rola malikdir: “Hər iki ölkə arasındakı münasibətlərin
yaxşılaşdırılması üçün media sahəsinə böyük önəm verilir. Sizin
kimi təcrübəli və bilikli bir şəxsin iştirakı ilə biz bu sahədə
əmədaşlığı genişləndirə bilərik. Bu ilki proqramımızda media ilə
bağlı bir sıra layihələrimiz nəzərdə tutulub. İki ölkənin mediasına
nəzarət edən qurumlar arasında əməkdaşlıq haqqında sənəd
hazırlanır. Bu sənədin yaxın zamanlarda imzalanması gözlənilir. Biz
bayaq iki ölkənin mədəniyyəti, tarixi və s. digər sahələrdəki
yaxınlıqları barədə danışdıq. Bunları nəzərə alaraq qeyd etmək
istərdim ki, biz əməkdaşlığımızı çoxşaxəli bir formada
genişləndirməliyik. Bizim medialarımız yüksək səviyyədə əlaqələr
qurmalıdır ki, düşmənlərimiz bundan sui istifadə etməsinlər. Biz bu
il üçün bir neçə mediatur nəzərdə tutmuşuq. Birinci mediatur Xarici
İşlər Nazirliynin nəzdində Azərbaycandan İrana baş tutacaq. “SƏS”
Media Qrupundan gözləntilərimiz olduqca yüksəkdir. Düşünürəm ki,
bizim əlaqələrimiz hər zaman müsbət yönümdə inkişaf edəcək və hər
iki dövlətin mühüm xəbərləri doğru şəkildə ictimaiyyətə
çatdırılacaq. Ramazan ayından sonra hər iki dövlətə rəsmi səfərlər
nəzərdə tutulur. Bu səfərlər barədə məlumatları ilkin olaraq “SƏS”
Media Qrupuna bildirəciyik”.

Daha sonra “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib
ki, qarşılıqlı əlaqələr, mətbuatın inkişafı təkcə dövlət tərəfindən
deyil, həmçinin ictimai institutlar tərəfindən də həyata
keçirilməlidir: “Ortaq tarixi, mədəniyyəti, qohumluğu olan iki
xalqı bir-birinə vurmaq istəyən yalnız düşmən ola bilər.
Azərbaycan-İran münasibətlərinin yüksələn xəttlə inkişaf etməsi
düşmənə sərf etmir. Fikrimcə, regionda Azərbaycan, İran və Türkiyə
dövlətləri birgə hərəkət etməlidir. Bu gün artıq İran və Azərbaycan
dövlət rəhbərləri yeni mərhələyə qədəm qoyaraq, yeni layihələrin
ərsəyə gəlməsi üçün müəyyən addımlar atırlar. Həmçinin iqtisadi
əlaqələrimiz də genişləndirilir, Zəngəzur dəhlizində də birgə
əməkdaşlıq nəzərdə tutulur. Biz çalışamlıyıq ki, iki dövlət
arasındakı münasibətlər dostluq, qardaşlıq, mehriban qonşuluq
müstəvisində inkişaf etdirilisin”.

Sonda İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid
Abbas Musəvi “SƏS” Media Qrupunun redaksiyası ilə tanış olaraq,
jurnalistlərlə xatirə şəkilləri çəkdiriblər.

Teqlər: