İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb (FOTO)

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd
dəstəsinin əməkdaşları tərəfindən külli miqdarda tütün
məmulat­larının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı
alınıb.

Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə, Yardımlı
rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının
xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması
haqqında daxil olmuş siqnal əsasında sərhəd zastavası “Silaha”
komandası üzrə qaldırılıb, əraziyə hərəkət edən sərhəd naryadı 4
nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından
Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını
müşahidə edib.

Sərhəd naryadının “Dayan” əmrinə baxmayaraq, sərhəd pozu­cu­ları
əllərin­dəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən istifadə
edib geriyə qaçıblar.

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə
aşkarlanmış 7 ədəd bağlamaya baxış keçirilərkən 8 380 qutu (4330
qutu “Marlboro” və 4050 qutu “KENT” markalı) siqaretləri aşkar
olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: