Yanvarın 18-də Ermənistan Baş nazirinin arvadı Anna Akopyan Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresində iştirak etmək üçün qızları ilə birlikdə İrana səfər edib. Anna Akopyan sosial şəbəkələrdə səy və enerjisini əsirgəməyib, Tehrana səfərinin baş verdiyi “isti” atmosferi, orada necə yaxşı qarşılandığını göstərmək üçün müntəzəm olaraq fotoşəkillər dərc etdirib. Lakin nə İrandakı erməni icması Anna Akopyanı qəbul edib, nə də erməni kilsəsi.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
“Baş nazirin arvadı orada ermənilərlə görüşməmək üçün erməni kilsəsini ziyarət etməyib, əvəzində məscidi ziyarət edib”, – məlumatda deyilir.
İrandakı erməni icmasının nümayəndələri qəzetə məlumatı təsdiqləyib. Bildirilib ki, bu, təkcə Anna Akopyana deyil, həm də İrana səfər etmiş bütün Ermənistan dövlət rəsmilərinə xüsusi münasibətdir:
“İran erməniləri mövcud hakimiyyətə və onun siyasətinə qarşı öz mövqelərini belə bildirirlər”.