İranda sistem dağılmalı, inqilab olmalıdır – Bilgin

İranda sistem dağılmalı, inqilab olmalıdır – Bilgin

İraqda 2-3 milyona yaxın türk yaşayır. Say etibarı ilə ölkədə üçüncü millətdir. Onların dili Kərkükdə rəsmən tanındı. Keçmiş diktator Səddamın dövründə bu da olmazdı. Amma İraq çərçivəsində yeni bir dəyişiklik olub. Amerikanın vasitəsi ilə diktatorluq sındı, dövlət strukturu dağıldı. Bu şəraitdə, az da olsa, türkmənlərə də pay verildi. Əlbəttə, bu, orada yaşayan türkləri qane etmir.

Bu sözləri AzerTimes-a Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

Analoji vəziyyəti İranla, Güney Azərbaycandakı durumla müqayisə edən partiya mənsubu rejimin türk dilinə olan münasibətindən söz açıb:

“İranda türklərin sayı çoxdur, üçüncü millət yox, birinci millətdilər. Bizdən sonra say baxımından farslar gəlir. Bunlar isə bizi xəbərlərdə tam gücləri ilə boykot edirlər. Həm müxalifət, həm hakimiyyət, kürddən, bəlucdan, hətta ərəbdən danışırlar, bizə çatanda susurlar, ya da “azəri” deyib keçirlər. Hansı ki, İranda türklərin dövlətçiliyi min illər mövcud olub”.

Farsların azərbaycanlılardan qorxduğunu deyən Bilgin türk etniklərinin hər zaman boykot edildiyini vurğulayıb:

“Pəhləvilərin zamanında türkcə danışmaq, kitab yazmaq yasaq idi. İslam Respublikasının vaxtında isə 15-ci maddədə türk dilinin fars dilinin yanında yedək kimi işlənilməsi qeyd olunub. Ancaq 44 il ərzində İran Məclisi bu maddəni qəbul etmədi. Hətta liberal mövqeyi ilə tanınan Musəvi, Kərrubi vaxtında belə bu, mümkün olmadı. Dedilər ki, türk dilinin fars dili ilə paralel işlənilməsi, bu dildə yazı-oxu, danışıq imkanının olması təhlükəlidir. İranda – fars hakimiyyətində türk dili üçün şərait yaradacaq qabiliyyət yoxdur. Özəlliklə, bu Vilayəti-Fəqih sistemində heç mümkün deyil. Bunlar türkün əleyhinədir. Hətta müxalifət də “təhsil türk dilində olsun-olmasın” dilemmasını aşa bilmir. Görün, bunlar hələ hakimiyyətdə deyil, amma bizə nə verib-verməyəcəklərini düşünürlər. Odur ki, İranda bu yöndə hər hansı islahatın olması mümkün deyil, inqilabdan, sistemin dağılmasından başqa çarə yoxdur”.

Teqlər: