İranda inqilabın ildönümü ilə bağlı yürüşlər bu il fərqli keçirilir

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün İranda İslam İnqilabının 42-ci illiyi ilə əlaqədar yürüşlər simvolik olaraq avtomobil və motosikletlərlə keçiriləcək.

AzerTimes-ın məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar İranda İslam İnqilabı yürüşlərinin əhalinin iştirakı ilə kütləvi şəkildə keçirilməsinə icazə verilməyib. Yürüş yerli vaxtla saat 10-da başlanacaq.

İranda İslam İnqilabının qələbəsinin 42-ci illiyi ilə əlaqədar bütün tədbirlərin onlayn şəkildə keçirilməsi və televiziya vasitəsi ilə yayımlanmasına qərar verilib.

Ötən gecə də İranda İslam İnqilabının 42-ci illiyi ilə əlaqədar müxtəlif atəşfəşanlıqlar olub.

Qeyd edək ki, İranda Ayətullah Seyid Ruhulla Xomeyninin başçılıq etdiyi İslam İnqilabı 1979-cu il 11 fevralda qələbə çalıb və İranda şahlıq rejimi devrilib.