İranla Azərbaycan arasında Araz çayı üzərində “Xudafərin” və
“Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının
tikintisinin davam etdirilməsi və istismarı üzrə razılıq əldə
olunub.
Bununla əlaqədar İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan
vilayətində Qız Qalası bəndində Azərbaycan və İranın Birgə Texniki
Komissiyası üzvlərinin iştirakı ilə 2-ci iclas keçirilib. Bu barədə
Trend İranın Şərqi Azərbaycan vilayəti Regional Su Şirkətinin
informasiya portalına istinadən məlumat verib.
İclasda Xudafərin və Qız Qalası elektrik stansiyaları ilə bağlı
öncədən razılaşdırılmış sənədlərin icrası, hidroqovşaq və elektrik
stansiyalarında işlərin davam etdirilməsi, investisiya və
podratçıların müəyyənləşməsi haqqında razılıq əldə olunub.
İşlərin tamamlanması üçün 22 milyon dollardan artıq vəsaitin
xərclənməsi və elektrik stansiyalarına dair müqavilənin DB qaydası
ilə müəyyənləşməsi haqqında razılıq əldə olunub.
Proqnoz olunur ki, gələn 4 ay ərzində podratçılar müəyyənləşəcək
və işlərin icrasına başlanacaq.