İran Şəhriyarı da “fars şairi” etməyə çalışır

İran Şəhriyarı da “fars şairi” etməyə çalışır

Bir çox Güney azərbaycanlı ziyalı və mədəniyyət xadiminin etirazına baxmayaraq, 2020-ci ildən Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyanın anım günü – 18 sentyabr “Fars dili və ədəbiyyatı günü” kimi qeyd edilir.

AzerTimes Türkiyədə yaşayan güneyli şair, yazıçı və jurnalist Məsud Harayın məsələ ilə bağlı müsahibəsini təqdim edir:

– Şəhriyarın Tehran hakimiyyəti və fars millətçiləri tərəfindən “İranın milli şairi” kimi təqdim edilməsinin kökündə hansı səbəblər yatır?

– Bu, ilk növbədə Şəhriyarın çoxşaxəli yaradıcılığı ilə bağlıdır. Şəhriyar gənc yaşlarında fars ədəbiyyatı üçün zəngin miras hesab edilən çox sayda farsca şeirlər yazıb. Həmçinin, o, orta yaşlarında dini məzmunlu şeir yazmağa da meyillənib. Bu, hazırkı hökumətin ona qarşı münasibətində də əhəmiyyətli rol oynayıb. Şəhriyarın yaradıcılığının üçüncü mərhələsi isə onun yetkin yaşlarındakı dövrünü əhatə edir. Azərbaycan şairinin yaradıcılığının birinci və ikinci dövrü həm fars təfəkkürünə mənsub olan kəsimi, həm də hakimiyyətdə olan dini kəsimi qane edir. Bu iki amil, yəni Şəhriyarın farsca yaradıcılığı və dini məzmunlu şeirləri onun İranın milli şairi kimi qələmə verilməsinə əsas kimi göstərilir.

– Şəhriyar yaradıcılığını mübahisə predmetinə çevirən amil olaraq nəyi görürsünüz?

– Bizim üçün Şəhriyar yaradıcılığının üçüncü dövrü, onun yaşlı vaxtlarına təsadüf edən mərhələsi daha əhəmiyyətlidir. Bu dövr Şəhriyar özünü dərk edir, kökünə, ana dilinə və özünün həqiqi kimliyinə qayıdır. Bu isə Şəhriyarın yaradıcılığı barədə mübahisələrə səbəb olan vacib amillərdən biridir. Onun ana dilində yaradıcılığı milliyyətçi cərəyanın xoşuna gəlmir, onu müxtəlif formalarda aşağılamağa çalışıblar. Bu kəsim şairin keçmişdə fars dilinə xidmətlərinə baxmayaraq, hətta onu separatçı və pantürkist kimi qələmə verməkdən də çəkinmirlər.

– İran hazırda Şəhriyarı milli şairi edərək nəyə nail olmaq istəyir?

– Hökumət Şəhriyarın çoxşaxəli yaradıcılığından maksimum yararlanmağa çalışıb, bu siyasətini də davam etdirir. Rejim Şəhriyarın farsca yaradıcılığından milliyyətçi və “İranşəhri” düşüncəyə malik olanları, Azərbaycan dilindəki yaradıcılığından isə azərbaycanlıları razı salmaq üçün istifadə edir. Ancaq hazırkı hakimiyyət üçün daha vacib olan məsələ azərbaycanlı şairin dini məzmunlu şeirlərindən dini və şiə ideologiyasının təbliği üçün istifadə etməkdir.

Bütün bunları nəzərə almaqla demək olar ki, hakimiyyətin Şəhriyarın anım gününü “Fars dili və ədəbiyyatı günü” kimi qeyd etməkdə məqsədi onu Güney Azərbaycandan, ümumiyyətlə, türk dünyasından ayıraraq özünün dini, şiə və irançı şairi kimi təqdim etməkdir.

Şəhriyar ümumbəşəri dəyərlərə xidmət edən şair olub. İran hakimiyyəti isə mümkün vasitələrdən istifadə edərək onu özününküləşdirməyə çalışır. Hakimiyyətin və fars miliyyətçilərinin fərqli təqdimatlarına baxmayaraq, Şəhriyar bütün azərbaycanlıların ən öndə gedən əhəmiyyətli şairlərindən biridir.

– Şəhriyar irsinin, kimliyinin qorunması üçün kim, hansı öhdəliklərə yiyələnməlidir?

– Bizim üzərimizə böyük bir məsuliyyət və vəzifə düşür. Şəhriyarı daha çox mənimsəməli, onu Azərbaycan ədəbiyyatının bir parçası kimi təbliğ etməyi qarşımıza məqsəd qoymalı, onu örnək şairlərdən biri kimi göstərməliyik. Azərbaycan Respublikasında Şəhriyarın Azərbaycanın milli şairi kimi tanınmasına, ona rəğbətin yüksək olmasına baxmayaraq, Güney Azərbaycanda buna yetərli diqqət ayrılmayıb, Şəhriyar İran hakimiyyətinin siyasi-ideoloji siyasətinə qurban verilib. Buna görə, bütün güneyli yazıçı və ziyalılar Şəhriyarın daha çox mənimsənilməsi, onun doğum və anım günlərinin qeyd olunmasına xüsusi əhəmiyyət verməlidirlər. Şairin Azərbaycan dilində olan yaradıcılığı daha çox təbliğ olunmalı, fars millətçiləri və hakimiyyətin inhisarından çıxarılması üçün barəsində davamlı tədbirlər keçirilməli, Azərbaycan dilində olan yaradıcılığı öyrənilməli və mənimsənilməlidir.

Qeyd edək ki, 1906-cı ildə anadan olan Məhəmmədhüseyn Şəhriyar 1988-ci il sentyabrın 18-də dünyasını dəyişib.

Teqlər: