İran Qərbi Azərbaycana PKK-nı yerləşdirir – Səbəb

İran Qərbi Azərbaycana PKK-nı yerləşdirir – Səbəb

Türk-kürd məsələsinə həm siyasi-tarixi, həm də Yaxın Şərq nöqteyi-nəzərindən baxmaq lazımdır. İxtilafın əvvəli hələ Qacar zamanından sonrakı dövrə gedib çıxır. Sevr müqaviləsi ilə bölgədə bir Kürdüstan yaradılması planlaşdırılsa da, Qurtuluş savaşından sonra bu anlaşmasının ləğvi, Lozanna anlaşmasının bağlanılması ilə plan baş tutmadı.

Bu sözləri AzerTimes-a tanınmış güneyli siyasətçi, İran və Qafqaz üzrə siyasi şərhçi Kərim Əsgəri Güney Azərbaycanda kürd və türklər arasında yaradılan ixtilaflar haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Lozanna anlaşması ilə Kürdüstan qurmaq ideyası ləğv olunsa da, Qərbin rolu ilə son dövrlər məsələ yenidən aktuallaşıb:

“Qərb dövlətləri “kürd kartı”nı hər zaman istifadə etməyə çalışıblar. Suriya savaşından sonra bunu daha da canlandırmağa başladılar. PKK hər nə qədər Türkiyənin əleyhinə qurulsa da, İranda, İraqda və Suriyada da fəaliyyətləri var. İran və Əsəd rejimi onları dəstəkləyir”.

O bildirib ki, İranda problemin bu qədər ciddiləşməsi ifrat panfarsçı düşüncə ilə bağlıdır:

“Qacarlar dövrünə kimi İranda kürdlər və türklər arasında ciddi mənada bir problemə şahid deyildik. Elə ki, Pəhləvilər hakimiyyətə gəldi, türklərin İranda min illik hakimiyyətinə son qoyuldu. Bunlar bir panirançı və panfarsçı düşüncə ilə hakimiyyətə gəldilər. Çalışdılar ki, türkləri bacardıqları qədər zəiflətsinlər – Azərbaycan dili yasaqlandı, şəhərləri başqa bölgələrə verilməyə başlanıldı. Qürvə, Bicar kimi şəhərlərimiz isə Kürdüstana, Kirmanşaha verildi”.

İranda məsələnin kökündə Tehran hökuməti və kürd terror təşkilatlarının dayandığını deyən K.Əsgəri qeyd edib ki, molla rejimi türk-kürd problemini məqsədli şəkildə yaradır:

“İki-üç ay bundan əvvəl İran hökuməti Urmiya şəhərində İraqın dörd kürd vilayətinin başçılarının iclasını keçirdi. Məqsəd bu idi ki, türklər və kürdlər arasında problem yaratsınlar. Təbii ki, buna Azərbaycan siyasi təşkilatları etiraz etdilər. İraqdan gələn icra başçısı sinəsinə böyük Kürdüstan xəritəsinin formasını əks etdirən döş nişanı taxmışdı. Bunu İranın daxili işlər nazirinin yanında etmişdi. Bu o deməkdir ki, İran kürd-türk problemini yaratmaqda maraqlıdır”.

Siyasi şərhçi kürd terrorçuların digər türk xalqlarına qarşı da ərazi iddası olduğunu diqqətə çatdırıb:

“Güneydə baş verən hadisələrin bənzərini tarixi türk şəhəri olan Kərkükdə görürük. Onlar Ərbil kimi, Kərkükü də ələ keçirməyə çalışırlar. Cənubi Azərbaycanın Urmiya bölgəsini də kürdləşdirmək fikrindədirlər. Buradakı ən önəmli məsələ Güney Azərbaycanın türk dövlətləri ilə bağlantısını kəsməkdir. Çünki Qərbi Azərbaycan vilayəti Türkiyə ilə qonşudur. Bu bölgədən türkləri, azərbaycanlıları köçürməyə çalışırlar. Orada PKK, PJAK, KDP (PDK) kimi kürd terror təşkilatları aktivdir. İki il bundan əvvəl Türkiyənin daxili işlər naziri olmuş Süleyman Soylu sərhədə gələndə yüz metr irəlidə – Makuda PKK təşkilatının fəaliyyət göstərdiyini və Tehran hökumətinin onlara dəstək verdiyini demişdi”.

Onun sözlərinə görə, xarici qüvvələrin müdaxiləsi olmazsa, türk-kürd məsələsinin çözüm yolları mümkündür:

“Hər iki tərəfdən olan ziyalılar oturub, bölgədəki reallığı diqqətə alaraq, bu problemlərin həllinə səy göstərməlidir. Lakin kürd təşkilatlarının arxasında başqa güclər – bölgədə İran və Suriya, xaricdə Fransa, Almaniya, ABŞ, hətta Rusiya olduğu üçün ixtilafın başa çatması çətin məsələdir. Amma mümkün olmayacaq mənasına gəlmir”.

Teqlər: