İran dəhşətlərinin əks olunduğu kitab…

İran dəhşətlərinin əks olunduğu kitab…

Stokholumda yaşayan tanınmış yazıçı-filosof Eluca Atalının AzerTimes-a müsahibəsi:

– Bir müddət əvvəl təqdimatı baş tutan “İran Hizbullah zindanında” kitabınıza oxucuların münasibəti necə oldu?

– Əvvəlcə, onu vurğulayım ki, 12 il üzərində çalışdığım “İran Hizbullah zindanında” romanımın oxucuların ixtiyarına verilməsinə görə olduqca fərəhliyəm. İnsan ağır yükü mənzil başına çatdıranda necə sevinirsə, mənim də içimdə belə bir sevinc ilə yanaşı həm də kədər var. Çünki yazdıqlarımı millətimiz hələ də acınacaqlı və müdhiş dərəcədə yaşayır. Oxucuların münasibətinə gəldikdə isə, kitab onları silkələyib. Əsəri oxuyanların əksəriyyəti, təbii ki, güneyli oxucuları çıxmaq şərti ilə, İranı dərindən tanımadıqlarına təəssüf edirlər. Əslində, mənim də yazmaqda məqsədim molla rejiminin həqiqi sifətini nümayiş etdirmək, millətimin kimin əlində əsir olduğunu göstərməkdir. Bir məsələni də qeyd edim ki, məhz bu kitabın çapından sonra Güneydən çoxlu zənglər və mesajlar alıram. Zindanda olmuş soydaşlarımız xatirələrini mənə nəql etmək istəyirlər. Saatlarla insanları dinləyirəm, bununla da sanki onlara psixoterapeya keçirəm. Zindanda olmuş insanlar içlərini boşaltmalıdırlar, yoxsa çəkdikləri işgəncələr onların beyinlərində daşlaşıb qalır. Gücüm çatdıqca onları dinləyir və qeydlərimi edirəm.

– Kitaba gələn rəylərə də toxunardınız…

– İlk rəy kitabın redaktoru Əntiqə Qonaqdan gəlib. Təqdimatda da fikrini söylədi və məni qınayır ki, əsərin qəhrəmanı Fatmanı niyə öldürdüm. “Bu kitabı hansı ürəklə yazdın?” – sualını verməsində qəribəlik axtarmıram, o, kitabı gözyaşları ilə redaktə etdiyi kimi, mən də çox əzabla yazıb başa çıxartmışam. Oftolmoloq alim Paşa Qəlbinur “Möhtəşəm romandır” kimi dəyərləndirdi, Türkmənistanın tanınmış yazıçısı Orazmurad Muradov əsərimin yalnız Markesin “Patriarxın payızı” romanı ilə müqayisə edilə biləcəyini vurğulayıb. Üstündən də “Biz hamımız ütülmüş xoruzlarıq” fikrini yazıb. Bilirsiniz ki, romanda Xomeyni öz varisi Müntəziriyə durmadan səkkiz il idarəetmə təlimi keçərkən bir ferma toyuğu yolub lütləyir, lakin varisi istənilən dərsi ondan ala bilmir. Sevimli jurnalistimiz Eyruz Məmmədovla roman haqda bir ay ardıcıl fikir mübadiləmiz oldu, 3-4 gün dalbadal mənə səsli göndərdiyi təhlil hələ də telefonumda var, “Clubhouse”da kitabın təqdimatı zamanı bir hissəsi ordan səsləndirildi.

Və nəzərə asaq ki, hər gün dünyanın müxtəlif ölkələrindən oxucu zəngləri, mesajları alıram, o zaman kitabla bağlı rəyləri saymaqla qurtarmaq olmaz.

– Əsər neçə nüsxə çap olunmuşdu və hamısı satıldımı?

– 1000 nüsxə ilə “Qanun” nəşriyyatı çap edib, amma nə qədər satılması haqda dəqiq məlumatım yoxdur. Oxucular bir-bir kitabla şəkil çəkdirib mənə atırlar, dünyanın müxtəlif ölkələrindən “Kitabı necə əldə edə bilərəm?” – sualını hər gün dəfələrlə eşidirəm.

– Artıq kitabın tərcüməsi ilə bağlı proses başlanılıb. Əsər hansı dillərə və kimlər tərəfindən tərcümə olunacaq?

– Kitabla bağlı molla rejimi tərəfindən hədələr və təhdid gəldiyindən hələlik heç bir tərcüməçinin adını çəkmək istəmirəm. Yalnız bunu deyəcəm ki, tərcüməçinin birinin ailəsinə ETTELAAT tərəfindən təzyiq edilib. Buna baxmayaraq, kitab artıq türk dilinə tərcümə edilib, Türkiyədə hünərli yayım evi axtarırıq. Bilirsiniz ki, lirənin dəyəri azaldığından hər şey kimi orda kağızın da qiyməti çox qalxıb və yayım evlərinin öz hesablarına kitab nəşretmə gücü azalıb. Amma bir neçə yayım evi kitab haqda yüksək fikirdədir. Fars dilinə tərcüməni isə iki nəfər edir. Birinci kitab – “İnqilabın travması” artıq mətbuatda, Güneyin bir neçə sayt və Teleqram kanalında yayımlandı. Deyilənə görə, Güneyin içində çox oxunur, hər kəs bir-birinə kitabın linkini göndərir. İkinci kitab – “Üç vəd, üç tələb” əsərinin tərcüməçisi işə o qədər həssas yanaşır ki, özüm də heyrət edirəm. Hər hekayəti tərcümə edib bitirəndən sonra 10 nəfər milli fəala oxutdurub rəy alır, uzun-uzadı fikir mübadiləsi edirlər. Əslində, bu məni qane edir ki, kitabı öncə zindanda illərlə yatmış hərəkat öndərləri oxuyub dəyərləndirirlər.
“Qanlı orkestr” kitabı artıq bir həftəyə bitir. Bu hissə ən iri həcmli hissədir, hardasa 350 səhifədir. İngilis dilinə çevirmə işləri gedir, alman dilinə tərcüməsi isə yeni başlayıb.

– Romanın ekranlaşdırılması ilə bağlı hər hansı təklif almısınızmı?

– Təklifləri dəyərləndirərəm. Çünki bugünkü dünya görüntülü informasiyaya yüksək dəyər verir. Romanın ekranlaşdırılmasından ötrü Azərbaycan və Türkiyədən bəzi fikirlər səsləndirilib, amma real işə hələ ki, başlanmayıb. Təqdimatda Bakıdakı “M Teatrı” xalq artisti Vidadi Həsənovun ssenarisi və quruluşu əsasında əsərdən “Lenin və Xomeyni Azadlıq meydanında” parçasını tamaşa olaraq nümayiş etdirdi. Gerçəkdən, böyük maraqla qarşılandı, hələ də bununla bağlı fikir mübadiləsi gedir.

Bir neçə dramaturq söhbət əsnasında romana heyrətləndiklərini, əsərdən, əsasən də Fatmanın taleyindən “yaxşı film çıxar” kimi fikirləri şəxsən özümə söyləyiblər.

– Kitaba hansı ölkələrdə maraq daha çox oldu?

– Azərbaycan, Türkiyə, İran başda olmaqla və dünyanın hər yerindən türkdilli oxucular maraqla qarşıladılar.

– Bakıda və İranda bir neçə beynəlxalq kitab sərgisi keçirilib. Siz də qatıla bildinizmi?

– Sözsüz ki, İrana dəvət almağı gözləmirəm, bir halda ki, bu kitaba görə əleyhimə yazılar yazılır, videolar hazırlayırlar. Bakıdakı kitab sərgiləri ilə bağlı Birinci Turan Kitab Sərgisinə dəvət almışdım, ayrıca əsərlərim də orda nümayiş olunurdu. Lakin çalışdığım üçün gedə bilmədin, təəssüf.

– Kitabınızla bağlı başqa nə işlər nəzərdə tutulur?

– Kitabın audio versiyası haqda təkliflər almışam. Səsləndirmə üçün müəyyən qədər maddiyyat lazımdır. Dünyanın tanınmış yazıçılarının əsərlərini öz səsləri ilə oxumasını nümunə gətirib, əsəri özümün oxumamı təklif edirlər, buna isə zamanım imkan vermir. Həm çalışıram, həm də yazmağa daha çox zaman ayırmağa can atıram. Kitab irihəcmli olduğu üçün böyük vaxt tələb edir. Kimsə fədakarlıq edib, əsəri səsli yazarsa, əla olar. Çünki Güneydə latın əlifbasını oxumağı bacaranlar çox deyil və səsli əsəri daha çox dinləyirlər. Qeyd edim ki, romanda yer alan “Xomeyni ilə varisin söhbəti” hekayətini öz səsimlə oxumuşam, demək olar, dünyanın hər yerinə yayılıb. Məhz səsləndirdiyim bu hekayətin sayəsində oxucular romanı oxumaq üçün axtarırlar.

Teqlər: